Hər üç sürücü ən yaxşı dövrələrini ən yumşaq C5 tərkibli təkərlərlə vurublar. Maraqlıdır ki, Ferrari pilotları gün ərzində əsasən C4 təkərlərlə işləyiblər, Ferstappen isə dövrələrinin böyük hissəsini məhz C5-lə keçirib.
Sərt C3 tərkibi yalnız birinci məşqin əvvəlində istifadə olunub. Bundan sonra komandaların demək olar ki, hamısı Medium təkərlərə keçib.
Pirelli-nin baş mühəndisi Simone Berra bildirib ki, komandalar həftəsonunun əvvəlində sərt təkərlərlə trasın vəziyyətini qiymətləndirmək və sürücülərin özlərinə inam qazanmasına kömək etmək istəyiblər.
Simone Berra: “Yarış zamanı C3 tərkibinin istifadə olunması ehtimalı çox aşağıdır. Bu, yalnız bir pit-stoplu və təhlükəsizlik avtomobili müdaxiləsinin olmadığı xüsusi ssenaridə mümkün görünür.
Gün ərzində C4 və C5 tərkibləri stabil işləyib. Bəzi sürücülərin uzun seriyalarında ciddi aşınma müşahidə edilməyib. Bəzi maşınların ön təkərlərində dənlənmə əlamətləri görünsə də, bu, sürətə təsir göstərməyib.
Bu günün ən yaxşı nəticələri simulyatorların hesabladığı dövrə vaxtlarından təxminən 0.3 saniyə geri qaldı. Lakin Monakoda trasın vəziyyəti çox sürətlə yaxşılaşdığı üçün sıralanma turunda bu göstəricilərin aşılması mümkündür.
Yaxşı nəticə əldə etmək üçün yumşaq təkərləri düzgün temperatur pəncərəsinə gətirmək həlledici əhəmiyyət daşıyır. Komandalar buna nail olmaq üçün müxtəlif yanaşmalardan istifadə edə bilərlər.
Bundan əlavə, taktika hazırlanarkən trafik amilini də nəzərə almaq lazımdır. Bu il trasda iki maşın daha çox olduğu üçün bu problem əvvəlkindən də ciddi olacaq”.




Şərh əlavə et