Macarıstan həftəsonunun ilk sessiyasında trasın temperaturu 33°C, havanın temperaturu isə 22°C olub. Sürücülərin pit yolunda düzülməsindən sonra yaşıl bayraq göstərilib və 45 dəqiqəlik ilk məşq sessiyası başlayıb.
Sessiyanın ilk beş dəqiqəsində sürücülər təkərləri isitdiyi vaxt Toprak Razqatlıoğlu ilə Ai Oqura arasında kiçik təmas yaşanıb. Ekranlarda Toprakın motosikletindən bir detalın qırıldığı da görünüb. Döngədə Yamaha motosikletini kifayət qədər yavaşıda bilməyən Toprak arxadan Oquraya toxunub və hadisədən sonra əl işarəsi ilə üzr istəyib.
Bir qədər sonra Françesko Banyaya 1:41.800 nəticə ilə ilkin tempi müəyyənləşdirən sürücü olub. Ardınca Pedro Akosta 1:40.219 nəticə ilə liderliyə yüksəlib. Bir neçə dövrə sonra isə Akosta nəticəsini 1:39.798-ə qədər yaxşılaşdırıb.
Sessiyanın sonrakı hissəsində Akosta sürətini daha da artıraraq 1:39.005 nəticə göstərib və rekordunu yeniləyib. Mark Markes isə ondan 0.6 saniyə geri qalaraq ikinci pilləyə yüksəlib.
İlk cəhdlərdən sonra boksa qayıdan sürücülər motosikletlərin sazlamaları üzərində işləyiblər. Bu zaman Banyayanın motosikletin balansından narazı olduğu görüntülər yayımlanıb.
Boksa qayıtmayan sürücülərdən biri olan Maverik Vinyales 1:40.929 nəticə ilə 15-ci yerə yüksəlib.
Sessiyanın başa çatmasına təxminən 20 dəqiqə qalmış sürücülərin əksəriyyəti yenidən trasa çıxaraq sürətli dövrələr vurublar.
Mark Markes 1:39.003 nəticə ilə Pedro Akostanı cəmi 0.02 saniyə qabaqlayaraq liderliyə yüksəlib. Ardınca daha bir sürətli dövrə vuran ispaniyalı sürücü vaxtını 1:38.626-ya qədər yaxşılaşdırıb.
Toprak Razqatlıoğlu da sürətini artıraraq 1:39.778 nəticə göstərib və dördüncü pilləyə yüksəlib.
Sessiyanın son on dəqiqəsinə girilərkən Fabio Di Cianantonio 1:39.983 nəticə ilə Toprakın arxasında altıncı yerə yüksəlib.
Banyaya isə 1:39.650 nəticə ilə 12-ci yerdən dördüncü pilləyə qalxıb. Lakin dərhal sonra Fermin Aldeqer onu geridə qoyaraq dördüncü olub. Pedro Akosta isə yeni sürətli dövrəsi ilə yenidən Markesin arxasında ikinci pilləyə yüksəlib.
Sessiyanın son beş dəqiqəsində Ai Oqura 1:39.898 nəticə ilə 14-cü yerə qalxıb. Daha sonra vaxt itirmədən növbəti dövrəsinə başlayaraq 1:39.265 nəticə göstərib və beşinci yerə yüksəlib.
Raul Fernandes 1:38.795 nəticə ilə Akostanı qabaqlayaraq ikinci pilləyə yüksəlib. Toprak Razqatlıoğlu isə son dövrəsində 1:39.398 nəticə göstərərək 9-cu yerə qalxıb. Bununla da o, sessiyanın ən sürətli Yamaha sürücüsü olub.
Fabio Kuartararo 1:39.449 nəticə göstərsə də, Toprakın arxasında qalıb.
Damalı bayrağın göstərilməsi ilə sessiya başa çatıb. ğMark Markes güclü performans nümayiş etdirərək birinci yeri tutub. Raul Fernandes ikinci, Pedro Akosta isə üçüncü olub.




Şərh əlavə et