Monakoda çıxış edən çempionatın lideri Antonelli bildirib ki, komanda sürücülərin bir-biri ilə mübarizəsini məhdudlaşdırmaq niyyətində deyil.
Kimi Antonelli: “Yarış həftəsonundan sonra bir dəfə, Monakoya gəlməzdən bir neçə gün əvvəl isə daha bir görüşümüz oldu. Yarışı təhlil etdik və razılaşdıq ki, qarşılıqlı hörmət olduğu və özünü, yaxud hər ikimizi riskə atan vəziyyətlər yaratmadığın müddətdə bir-birimizlə mübarizə apara bilərik.
Komanda hər hansı daxili qaydalar tətbiq etmək istəmir. Hesab edirəm ki, onlar hər iki bolidin finiş görməsini və mümkün qədər çox xal toplamasını istəyirlər. Mən və Corc da eyni fikirdəyik. Biz yalnız özümüz üçün yarışmırıq, həm də Brekli və Briksvort bazalarında çalışan iki mindən çox əməkdaş üçün mübarizə aparırıq.
Komandanın qalib gəlməsini istəyirik. Hər şeyi anlayırıq və Kanadadakı kimi mübarizə aparmağa davam edəcəyik, sadəcə bir qədər daha ehtiyatlı və ağıllı şəkildə. Komanda bizim sərbəst mübarizə aparmağımızı istəyir, çünki düzgün yanaşma da budur.
Qələbələr və çempionluq uğrunda mübarizə aparan pilotu məhdudlaşdırmaq olmaz. Ona sadəcə geri çəkilməsini demək düzgün deyil. Təbii ki, bəzi hallarda komanda bizdən risk etmədən yarışmağı xahiş edə bilər”.
Antonelli, həmçinin Corc Rassellin «çempionluğun taleyi artıq Kiminin əlindədir» fikrinə də münasibət bildirib: “Lider olmağıma xüsusi əhəmiyyət vermirəm, çünki mövsüm hələ yenicə başlayıb və qarşıda daha 17 yarış var. İndi çempionluq barədə düşünmək və ya danışmaq üçün çox tezdir.
Mən hər dəfə bolidə əyləşəndə maksimum nəticə əldə etməyə çalışıram. Mövsümün sonunda bunun bizi hara aparacağını görəcəyik.
Ümumiyyətlə, düşünürəm ki, sahib olmadığın bir şeyi itirməkdən danışmaq çətindir. Mən hələ çempion olmamışam. Əldə etmədiyim bir şeyi necə itirə bilərəm?”




Şərh əlavə et