Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin xüsusi rəng çalarını təqdim edib

Aston Martin komandası tərəfdaşı Maaden şirkəti ilə birlikdə 2026-cı il Monako Qran Prisi üçün xüsusi rəng çalarını təqdim edib. Yeni dizayn metalların və mineralların torpaqdan çıxarılaraq yüksək texnologiyalı materiallara çevrilməsi prosesini simvolizə edir.

“Qayadan yarış trasına” adlanan kampaniya bu ideyanı əks etdirmək məqsədi daşıyır. Monako üçün hazırlanmış xüsusi rəng çaları işığın düşmə bucağından asılı olaraq rəngini dəyişən parlaq örtüklə seçilir. Beləliklə, bolidin görünüşü müxtəlif bucaqlardan fərqli çalarlar alacaq və bu, xammalın qabaqcıl materiallara çevrilməsini simvolizə edəcək.

Eyni dizayn pilotların kombinezonlarında, dəbilqələrində, eləcə də mexaniklərin geyimlərində istifadə olunacaq.

Komandanın kommersiya direktoru Cefferson Slek bildirib: “Bu həftəsonu tərəfdaşımız Maaden şirkətini xüsusi Monako rəng çaları ilə qürurla təqdir edirik.

Bu sadəcə yeni rəng çaları deyil. Bütün kampaniya Maaden-in müxtəlif materialların formalaşdırılması və onların Formula 1 daxil olmaqla gündəlik istifadə etdiyimiz komponentlərə çevrilməsində oynadığı mühüm rolu vurğulayır. Bu həftəsonu Monako küçələrində Maaden-in parlaq dizaynını görməyi səbirsizliklə gözləyirik”.

Monako Qran Prisi ənənəvi olaraq komandaların xüsusi rəng çaları nümayiş etdirdiyi yarışlardan biri hesab olunur və Aston Martin bu il diqqətçəkən layihələrdən biri ilə çıxış etməyə hazırlaşır.

 

Rauf Hacıyev

Şərh əlavə et