Şarl Lekler və Lyuis Həmiltonun bolidlərinin belə sürətli start almasının əsas səbəbi güc qurğusunun konstruksiyası idi. Daha dəqiq desək, Ferrari mühərriyində istifadə olunan daha kompakt turbin lazımi dövriyyəyə digər istehsalçıların turbinlərindən daha tez çatırdı.
Bu məsələ ilə bağlı FIA və Formula 1 səviyyəsində hansı qərarların qəbul edildiyi və Ferrari komandasının rəhbəri Frederik Vassyorun buna necə reaksiya verdiyi barədə bir neçə həftə əvvəl məlumat verilmişdi.
Bununla belə, Kanada mərhələsinə qədər qırmızı bolidlər hələ də startlarda kifayət qədər təsirli görünürdü. Lakin Monrealda Ferrari bu mövsüm ilk dəfə əvvəlki üstünlüyündən istifadə edə bilmədi. Şənbə sprintində yalnız Lyuis Həmilton bir mövqe qazana bildi və Oskar Piastrini geridə qoydu. Həftəsonunun əsas yarışında isə həm Həmilton, həm də Lekler irəliləyə bildilər, amma hərəsi cəmi bir pillə yüksəldi.
Əslində məsələ Ferrari-nin startlarda zəifləməsində deyil. Daha çox belə görünür ki, rəqiblər mövsümün əvvəlində yaşadıqları texniki problemləri həll etdikcə bu sahədə əhəmiyyətli irəliləyiş əldə ediblər.
Oskar Piastri Kanadada belə deyib: “Bu il startlarımız Ferrari-dən daha yaxşı olub, ona görə də bolidimizə bu məsələdə tam güvənirik”.
Təbii ki, bunu müəyyən qədər şərti qəbul etmək lazımdır. Çünki Avstraliyada Piastri starta gedərkən qəza etmişdi, Çində isə McLaren ümumiyyətlə yarışda iştirak etməmişdi. Buna görə də Ferrari-nin üstünlüyünün bir hissəsi rəqiblərin problemlərindən qaynaqlanırdı.
Mövsümün əvvəlində Maks Ferstappen də startlarda ideal görünmürdü, lakin Red Bull bu problemi artıq həll edib. Eyni sözləri Mercedes barədə də demək olar. Monrealda Kimi Antonelli və Corc Rassell sprint yarışında əla start aldılar. Bazar günü əsas yarışda yalnız Lando Norris önə çıxa bildi, amma bu, onun bolidində keçid təkərlərinin olması ilə bağlı idi. Sonradan McLaren bu riskli qərarın əvəzini ödəməli oldu, amma bu artıq başqa mövzudur.
The Race-in məlumatına görə, Mercedes iki əsas istiqamətdə ciddi irəliləyiş əldə edib. Birincisi, daha təkmil proqram təminatı sayəsində komanda start zamanı aparıcı təkərlərin ilişmə səviyyəsini daha dəqiq müəyyənləşdirə bilir və nəticədə təkərlərin boş fırlanma riski azalıb.
İkincisi, Kanadada Kimi Antonellinin bolidində yenilənmiş mufta qolu istifadə olunub və bu, sürücüyə start prosedurunu daha dəqiq idarə etməyə imkan verib.
“Sadəcə, onun forması dəyişdirilib ki, muftanı buraxdığım anda daha sabit hərəkət edə bilim”, – deyə Kimi Antonelli izah edib.
Əksəriyyət hesab edir ki, Ferrari Monakoda bu mövsüm ilk dəfə həm poul uğrunda, həm də qələbə uğrunda real mübarizə apara bilər. Lakin klassik şəhər trasında ön sıradan uğurlu start almaq digər mərhələlərdən daha vacibdir. Ferrari üçün problem ondadır ki, mövsümün əvvəlindəki start üstünlüyünə artıq arxalanmaq mümkün deyil.




Şərh əlavə et