Xəbəri Kokpitdə Oxuyun!

Ferrari FİA-nın qərarını gözləyir

Qarşıdakı Monako Qran Prisi Ferrari üçün iki səbəbə görə xüsusi əhəmiyyət daşıyır. İlk növbədə, komanda SF-26 bolidinin əsas üstünlükləri olan şassi və aerodinamikanın  şəhər trasında həqiqətən effektiv olduğunu nümayiş etdirməlidir, çünki bu tras mühərriyə qarşı tələbkar deyil. 

İkinci vacib məqam isə Maranelloda FIA-nın ADUO proqramı ilə bağlı verəcəyi qərarın gözlənilməsidir. Bu proqram geridə qalan mühərrik istehsalçılarına güc qurğularını təkmilləşdirmək üçün əlavə imkanlar yaradır.

İtaliya mətbuatının yazdığına görə, Ferrari hazırda Mercedes-lə müqayisədə təxminən 25 at gücü olduğu deyilən fərqi azaltmaq üçün mühərrikdə iki yeniləmə paketi tətbiq etməyi planlaşdırır. Komandada hesab edirlər ki, ilk yeniləmə bu fərqin təxminən yarısını aradan qaldıracaq, ikinci paket isə onları rəqiblərinə daha da yaxınlaşdıracaq.

Şayiələrə əsasən, ilk yeniləmə iyunun sonunda keçiriləcək Avstriya Qran Prisində debüt edə bilər. İkinci yeniləmə isə yay fasiləsindən sonra istifadəyə veriləcək. Skuderiya yenilikləri Zandfortda keçiriləcək Niderland Qran Prisinə çatdırmağa çalışır. Beləliklə, Niderland mərhələsi Ferrari üçün ev yarışı olan Monzaya hazırlıq xarakteri daşıyacaq.

Şpilberq üçün nəzərdə tutulan yeniləmələr artıq hazırdır. İkinci paket isə hələ etibarlılıq baxımından bir sıra stend sınaqlarından keçməlidir və bu prosesin təxminən iki ay davam edəcəyi bildirilir.

Əslində, Ferrari-yə indi yalnız FIA-nın ADUO proqramı çərçivəsində güc qurğusunun modernləşdirilməsinə icazə verməsini gözləmək qalır.

Rauf Hacıyev

Şərh əlavə et