Xəbəri Kokpitdə Oxuyun!

Formula 1 76 yaşını qeyd edir

13 may 1950-ci ildə Silverstounda başlayan Formula 1 macərası bu gün 76 yaşını qeyd edir. Bu illər ərzində idman təkcə sürət yarışı olmadı, eyni zamanda qəhrəmanların doğulduğu, faciələrin yaşandığı və milyonlarla insanın yaddaşına həkk olunan anların səhnəsinə çevrildi.

İlk illər – Təhlükəli dövrlər

İlk illərdə Formula 1 tamamilə başqa dünya idi. Təhlükəsizlik zəif, bolidlər isə idarəolunmaz dərəcədə təhlükəli idi. Buna baxmayaraq, həmin dövr avtoidmanın ilk qəhrəmanlarını yaratdı.

Formula 1-in ilk illəri belə dramatik hadisələrlə zəngin idi. 1950-ci illərdə Xuan Manuel Fanxio avtoidmanın ilk böyük kralına çevrilmişdi. Argentinalı əfsanə fərqli komandalarla qazandığı çempionluqlarla dövrünün əlçatmaz pilotu sayılırdı. Xüsusilə 1957 Almaniya Qran Prisində etdiyi inanılmaz geri dönüş hələ də tarixdə ən möhtəşəm pilot performanslarından biri hesab olunur. Fanxio pit-stopdan sonra böyük fərqlə geriyə düşsə də, Nürburqrinqdə rekord tempi ilə rəqiblərini bir-bir keçərək qələbə qazanmışdı

Həmin dövrün ən böyük ulduzlarından biri də italiyalı Alberto Askari idi. Ferrari ilə ardıcıl çempionluqlar qazanan Askari sürəti və sakitliyi ilə seçilirdi. O dövrdə bir çoxları onu məğlubedilməz hesab edirdi. Amma 1955-ci ildə Monza trasında test yürüşü zamanı baş verən qəza nəticəsində həyatını itirdi. Maraqlıdır ki, Askari ölümündən əvvəl həmin gün yarışmağa belə hazırlaşmırdı və təsadüfi şəkildə trasa çıxmışdı. Onun faciəsi Formula 1 tarixinin ən mistik hadisələrindən biri sayılır.

1960-cı illər – İdmanı yenidən yaradan adam – Kolin Çapman

1960-cı illər isə həm romantika, həm də təhlükə dövrü idi. O vaxtkı bolidlər sürətli olsa da, təhlükəsizlik demək olar ki, yox səviyyəsində idi. Buna baxmayaraq, Cim Klark kimi pilotlar saf istedadları ilə azarkeşləri valeh edirdi. Klarkın sükan arxasında göstərdiyi sakit və axıcı stil bir çoxları tərəfindən Formula 1 tarixinin ən təmiz sürüşü hesab olunur. Onun sürüş üslubu bu gün də bir çox mütəxəssis tərəfindən “ən təmiz pilotaj” hesab olunur. Lakin Klark da təhlükəli dövrün qurbanlarından biri oldu.

1961-ci ildə Monza trasında yaşanan qəza isə motorsportun ən ağır faciələrindən birinə çevrildi. Alman pilot Volfqanq fon Tripsin bolidi tamaşaçıların üzərinə uçmuş, nəticədə həm pilot, həm də tribunadakı azarkeşlər həyatını itirmişdi. Həmin hadisə təhlükəsizlik mövzusunu ilk dəfə ciddi şəkildə gündəmə gətirmişdi.

1960 və 1970-ci illərdə Formula 1-də əsl texniki inqilabın müəllifi isə Lotus komandasının dahisi Kolin Çapman idi. Onun məşhur fəlsəfəsi sadə idi: ‘Maşına güc əlavə etmək düzlükdə sürəti artırır, çəkini azaltmaq isə hər yerdə.’

Çapman monokok şassi, altlıq effekti aerodinamikası və yenilikçi asılqan sistemləri, aerodinamik qanadlar ilə Formula 1-in texniki inkişafını tamamilə dəyişdi. Bu gün müasir bolidlərdə görünən əksər ideyanın kökündə məhz onun dahiyanə yanaşmaları dayanır.

Bir çoxları üçün Kolin Çapman Formula 1-də mühəndisin sadəcə texniki işçi yox, oyunun taleyini dəyişən əsas fiqur ola biləcəyini sübut edən ilk insan idi.

1970-ci illər – Təhlükəsiz tədbirləri görülür

1970-ci ildə avstriyalı Yohen Rindt mövsüm bitmədən həyatını itirsə də, topladığı xallar onu dünya çempionu etməyə yetdi. Beləliklə, Rindt Formula 1 tarixində ölümündən sonra çempion elan olunan yeganə pilot olaraq qaldı.

Məhz bu dövrdə şotlandiyalı Ceki Stüart Formula 1-də təhlükəsizlik inqilabının əsas simasına çevrildi. O, təkcə üçqat dünya çempionu deyildi. Stüart sürücülərin həyatını qorumaq üçün ciddi mübarizə aparırdı. Təhlükəsizlik baryerləri, tibbi yardım sistemləri və daha təhlükəsiz traslar ideyası o dövrdə bir çoxları tərəfindən zəiflik kimi qəbul olunsa da, Stüart geri addım atmadı. Bu gün Formula 1-də həyat xilas edən bir çox standartın əsasında məhz onun mübarizəsi dayanır.

1973-cü ildə isə Formula 1 daha bir böyük istedadını itirdi. Fransız pilot Fransua Severt gələcəyin dünya çempionu hesab olunurdu. Xüsusilə Ceki Stüartın varisi kimi görülən Severt sürəti və xarizması ilə azarkeşlərin sevimlisinə çevrilmişdi. Amma ABŞ Qran Prisində məşq yürüşü zamanı baş verən dəhşətli qəza onun həyatına son qoydu. Bu hadisədən sonra Ceki Stüart karyerasını planlaşdırdığı son yarışa çıxmadan başa vurmaq qərarı aldı.

1976-cı il mövsümü isə motorsportun ən məşhur hekayələrindən birini yaratdı. Niki Lauda Nürburqrinqdə dəhşətli qəza keçirərək alov içində qalmışdı. Həkimlər onun yaşamasına belə az şans verirdi. Amma Lauda cəmi 42 gün sonra yenidən bolidə qayıtdı. Onun Ceyms Hant ilə çempionluq savaşı Formula 1 tarixinin ən dramatik rəqabətlərindən birinə çevrildi. Yağış altında keçirilən Yaponiya finalı isə əsl Hollivud ssenarisi idi.

1980-ci illər – texnoloji partlayış

1980-ci illər isə Formula 1-in həm texnoloji, həm emosional baxımdan partlayış yaşadığı dövr oldu. Turbo mühərriklərin meydana çıxması bolidləri əsl raketə çevirmişdi. Xüsusilə sıralanma turunda bəzi mühərriklərin 1000 at gücünü keçdiyi deyilirdi. Pilotlar həmin maşınları idarə etməyi “canavarla savaşmaq” kimi təsvir edirdilər.

Bu dövrün əsas hekayəsi isə Ayrton Senna və Alen Prost rəqabəti idi. İki tam fərqli xarakter, iki fərqli sürüş fəlsəfəsi Formula 1 tarixinin ən böyük duelini yaratmışdı. Prost hesablayan və soyuqqanlı pilot idi. Senna isə instinkt, emosiyalar və saf sürət idi.

1984-cü ildə Monakoda başlayan Senna əfsanəsi bütün paddoku heyrətləndirmişdi. Yağış altında zəif bolidlə göstərdiyi performans gələcək dünya çempionunun doğulduğunu göstərirdi. Ardınca 1988-ci ildə McLaren mövsüm ərzində 16 yarışın 15-ni qazandı və Formula 1 tarixinin ən dominant mövsümlərindən birinə imza atdı.

Suzukadakı toqquşmalar isə artıq motorsport tarixinin bir hissəsinə çevrildi. 1989-cu ildə Senna və Prostun qəzası titulun taleyini həll etdi. 1990-cı ildə isə Senna ilk döngədə rəqibini vuraraq “hesab bağladı”. Bu hadisələr Formula 1-in nə qədər qəddar və emosional idman olduğunu göstərirdi.

1982-ci il isə həm faciə, həm də inanılmaz təsadüflərlə yadda qaldı. Jil Vilnövün ölümündən sonra bütün paddok şoka düşmüşdü. Həmin mövsümün sonunda isə Keke Rosberq cəmi bir yarış qələbəsi ilə dünya çempionu olmuşdu. Bu, Formula 1 tarixinin ən qəribə statistikasından biri kimi qalır.

1984-cü il mövsümündə isə cəmi yarım xal fərqi ilə çempion müəyyənləşmişdi. Lauda komanda yoldaşı Prostu sadəcə 0.5 xal qabaqlayaraq titul qazanmışdı. Bu fərq bu günə qədər Formula 1 tarixində ən yaxın çempionluq fərqi olaraq qalır.

1990-cı illər – Bir əfsanənin sonu, yeni əfsanənin doğuşu

1990-cı illər isə Formula 1-in həm ən dramatik, həm də ən ağrılı dövrlərindən biri oldu. Elektron sistemlərin inkişafı bolidləri sürətləndirdi, amma 1994-cü ildə İmolada yaşanan faciələr bütün idmanı sarsıtdı. Əvvəlcə Roland Ratzenberger, ertəsi gün isə Ayrton Senna həyatını itirdi. Sennanın ölümü milyonlarla insan üçün şəxsi faciəyə çevrilmişdi. Həmin gündən sonra Formula 1-də təhlükəsizlik anlayışı tam dəyişdi – 1994-cü il isə Formula 1 tarixini iki hissəyə ayırdı: Sennadan əvvəl və sonra.

Həmin faciədən sonra Formula 1-də təhlükəsizlik inqilabı başladı. Traslar dəyişdi, bolidlər yenidən dizayn edildi, tibbi sistem inkişaf etdirildi. Bu gün pilotların sağ qalmasını təmin edən əksər qaydanın kökündə məhz 1994-cü ilin faciələri dayanır.

Sennanın gedişindən sonra Formula 1-də yeni kral doğuldu — Mixael Şumaxer.

Alman pilot Benetton ilə inanılmaz sürətlə yüksəlirdi. Aqressiv sürüşü, psixoloji oyunları və iş etikası onu digərlərindən fərqləndirirdi. 1994 və 1995-ci illərdə titulları qazanan Şumaxer artıq gələcəyin dominant fiquru kimi görünürdü.

1996-cı ildə isə o, Ferrari-yə keçərək bəlkə də Formula 1 tarixinin ən riskli qərarlarından birini verdi. Ferrari illərlə uğursuz idi və xaotik görünürdü. Amma Şumaxer sadəcə komandaya qoşulmadı — o, JAn Todt və Ross Braun ilə birlikdə Ferrari-ni yenidən qurmağa başladı. Bununla da, “qırmızılar”-ın 1999-2004-cü illərdəki ardıcıl çempionluqlarının təməli qoyuldu.

1997-ci il dramatik final ilə yadda qaldı. Jak Vilnöv və Şumaxer arasında çempionluq savaşı son yarışa qədər davam etdi. Xeresdə Şumaxer rəqibini vurmağa çalışdı, amma bu dəfə özü yarışdan çıxdı. FIA onu mövsümün nəticələrindən diskvalifikasiya etdi. Bu hadisə onun karyerasındakı ən böyük ləkələrdən biri oldu.

1998 və 1999-cu illərdə Mika Həkkinen ilə Şumaxer arasındakı duel Formula 1 azarkeşlərinə inanılmaz yarışlar yaşatdı. Xüsusilə Spa, Monza və Suzukadakı savaşlar həmin dövrün klassikasına çevrildi. Həkkinenin sakitliyi ilə Şumaxerin amansızlığı əla kontrast yaradırdı.

1999-cu ildə Şumaxerin Silverstoundakı qəzası Ferrari-ni çətin vəziyyətə salsa da, həmin il komanda konstruktorlar titulunu qazandı və böyük dominantlığın təməli qoyuldu.

1990-cı illər Formula 1-in ən emosional dövrlərindən biri idi. Həmin illərdə hələ pilotların xarakteri texnologiyadan daha çox hiss olunurdu. Traslarda qorxu vardı, risk vardı, ego vardı.

Və ən əsası, həmin dövr Formula 1-ə əfsanə statusu qazandıran hekayələri yaratdı.

2000-ci illər – Yeni era, yeni çempionlar

2000-ci illər tam mənada Şumaxer dövrü idi. Ferrari-nin qırmızı bolidləri demək olar ki, məğlubedilməz görünürdü. Xüsusilə 2004 mövsümündəki dominantlıq Formula 1 tarixinin ən böyük üstünlüklərindən biri hesab olunur.

Amma həmin illər dramatik yarışlarla da yadda qaldı. 2005-ci ildə Fernando Alonso Şumaxerin hegemoniyasını dayandırdı və yeni nəslin gəldiyini göstərdi. 2007-ci ildə Lyuis Həmiltonun möhtəşəm debüt mövsümü, Kimi Rəykkönenin son yarışda çempion olması və McLaren daxilindəki xaos Formula 1 tarixinin ən gərgin sezonlarından birini yaratdı.

2008-ci ilin Braziliya Qran Prisi isə bəlkə də idman tarixinin ən dramatik finalı idi. Felipe Massa son döngələrə qədər dünya çempionu idi. Ferrari qarajı artıq bayrama başlamışdı. Amma Lyuis Həmilton son sektorda etdiyi ötmə ilə titulu cəmi bir xal fərqlə qazandı. Həmin an Formula 1-in nə qədər amansız idman olduğunu göstərdi.

2010-cu illər – İdman elektrikləşir

2010-cu illər isə tamamilə yeni dövrün başlanğıcı oldu. Red Bull-un aerodinamik dahisi Adrian Nyui və Sebastyan Fettel birlikdə dominantlıq yaratdı. Xüsusilə 2010-2013-cü illərdə Red Bull-un sürəti rəqiblər üçün əlçatmaz görünürdü.

Amma 2012 mövsümü xüsusi yer tutur. Bir çox azarkeş həmin ili Formula 1 tarixinin ən yaxşı mövsümü hesab edir. Mövsümün ilk yeddi yarışında yeddi fərqli qalib olmuşdu. Alonso, Fettel, Hemilton, Rəykkönen və Batton arasında inanılmaz çempionluq savaşı gedirdi.

2012 Braziliya Qran Prisi isə əsl xaos idi. Yağış, qəzalar, təhlükəsizlik maşını və dramatik geri dönüşlər… Fettel ilk dövrədə fırlansa da, yarışa davam etdi və çempionluğu qazandı. Fernando Alonso isə karyerasının ən güclü mövsümlərindən birini keçirsə də, titulu əldən verdi.

2014-cü ildən sonra turbo-hibrid dövrü başladı və Mercedes dominantlığı era yaratdı. Lyuis Həmilton isə Formula 1 tarixinin ən uğurlu pilotlarından birinə çevrildi. O, 2014-2015 və 2017-2020-ci illərdə çempion olaraq, titullarının sayını yeddiyə çatdırdı. Bununla da, bu statistikada zirvədə olan Şumaxerə çatdı. Qələbə sayında 100-ü keçən ilk pilot (105) statusuna sahub oldu.

Bir vaxtlar Formula 1-də Mixael Şumaxerin rekordları əlçatmaz görünürdü. Amma Lyuis Həmilton Mercedes erasını elə dominantlığa çevirdi ki, beş titul qazanaraq və tarixdə ən çox yarış qalibiyyəti əldə edərək statistikanı yenidən yazdı. O artıq sadəcə çempion deyildi — Formula 1 tarixinin ölçü vahidinə çevrilmişdi.

2020-ci illər -Müasir dövr

Daha sonra Maks Ferstappenin yüksəlişi və 2021-ci ildəki dramatik final yeni nəslin başlanğıcını simvolizə etdi.

2021-ci ilin Abu Dabi Qran Prisi isə Formula 1 tarixinin ən qalmaqallı və ən dramatik finallarından biri oldu. Maks Ferstappen ilə Həmilton arasındakı gərgin çempionluq savaşı son dövrəyə qədər davam etdi. Təhlükəsizlik maşını qərarı və son turdakı keçid Formula 1 dünyasını iki yerə bölmüş, lakin eyni zamanda idmanın nə qədər emosional olduğunu bir daha göstərmişdi.

2020-ci illər isə Maks Ferstappenin hələki ardıcıl 4 çempionluğu ilə yadda qalır. Düzdür, son iki mövsümdə McLaren yenidən köhnə günlərə qayıtdı və azarkeşlərə həyəcan yaşatdı. Xüsusən də 2025-ci ildə 3 pilot – Lando Norris, Maks Ferstappen və Oskar Piastri son yarışa qədər titul uğrunda mübarizə aparmışdılar.

Formula 1-in 76 illik tarixində saysız-hesabsız qəhrəmanlar, dramatik qəzalar, inanılmaz geri dönüşlər və yaddaşlara həkk olunan anlar yaşanıb. Amma bütün dövrləri birləşdirən əsas hiss dəyişməyib — işıqlar sönəndə başlayan həyəcan. Formula 1 sadəcə yarış deyil. Bu, insan limitlərinin son nöqtədə sınandığı yerdir.

Rauf Hacıyev

Şərh əlavə et