Xəbəri Kokpitdə Oxuyun!

İddia: Ferstppen Piastri ilə barter oluna bilər

Maks Ferstappenin komandadan ayrılacağı halda, Red Bull-un əsas hədəf kimi Oskar Piastrini müəyyənləşdirdiyi məlum olub.

Padokdakı bir neçə mənbənin təsdiqlədiyi məlumata görə, dördqat dünya çempionu Maks Ferstappen gələn il üçün müqaviləyə malik olsa da, Red Bull rəhbərliyi mümkün ayrılıq ssenarisinə hazırlaşır. Komanda rəhbəri Loran Mekis və Oliver Mintslaff, Ferstappenin başqa komandaya keçməsi, fasilə götürməsi və ya ümumiyyətlə Formula 1-dən ayrılması ehtimalında Piastri planını masada saxlayır.

Red Bull kimi 2000-dən çox əməkdaşı olan nəhəng struktur üçün sürücü sadəcə pilot deyil. Texniki inkişaf, daxili balans və kommersiya maraqları məhz onun ətrafında formalaşır. Bu səbəbdən yalnız gənc pilot akademiyasına güvənmək kifayət etmir. Komandanın Ayzek Hacara investisiya yatırmasına baxmayaraq, gənc pilotun hələ komandanın əsas sütununa çevrilmədiyi düşünülür.

Mark Vebberin kölgədə qalan rolu

Maraqlıdır ki, Oskar Piastrinin meneceri Mark Vebber Bəhreyndə keçirilən mövsümöncəsi testlərdə görünməyib. Bu mövsüm McLaren pilotu keçmiş Formula 2 mühəndisi Pedro Matos ilə işləməyə qərar verib. Vebberin daim tras kənarında görünməməsi isə komanda daxilində münasibətləri daha sakit etmək cəhdi kimi qiymətləndirilir.

Məhz Piastrinin özü Vebberi tras kənarındakı yaxın çevrəsindən uzaqlaşdırıb və bunun McLaren qarajında sakitlik yaratdığı bildirilir. Mövsümə uğursuz başlanğıcdan sonra Yaponiya və Mayamidə qazanılan podiumlar da bu qərarın nəticəsi kimi göstərilir.

Hazırda Piastri həm trasda, həm də trasdan kənarda problemsiz performans sərgiləyir. Ötən mövsümün sonundakı McLaren daxilindəki gərginlikdən isə əsər-əlamət qalmayıb.

Bunun fonunda isə Mark Vebberin alternativ variantları araşdırmağa başladığı iddia olunur. Onun keçmiş komandası Red Bull ilə yenidən təmas qurması sürpriz sayılmır.

Red Bull-da strateji dəyişiklik

Bu prosesləri anlamaq üçün Red Bull daxilindəki daha böyük dəyişikliklərə baxmaq lazımdır. Söhbət Helmut Markonun səhnədən çəkilməsindən gedir. İyirmi ildən çox müddətdə Marko komandanın əsas fəlsəfəsini formalaşdırmışdı: təcrübəli lider pilotun yanında yetişdirilən gənc istedadlar. Bu model əvvəlcə Sebastyan Fettel, sonra Daniel Rikkardo və nəhayət Maks Ferstappenlə uğur qazandırmışdı.

Serxio Peresin komandaya gətirilməsi isə artıq həmin strategiyadan müəyyən uzaqlaşma idi. Bu transfer planlı seçimdən çox, məcburiyyətdən doğmuş addım kimi qiymətləndirilirdi.

İndi isə Loran Mekisin rəhbərliyi altında Red Bull-un daha çevik modelə keçdiyi görünür. Komanda xarici bazardan istifadəni strukturun vacib hissəsinə çevirməyə başlayıb. Bu mənzərədə Oskar Piastri ideal namizəd hesab olunur — gənc, amma artıq kifayət qədər stabil, rəqabətədavamlı və hələ tam açılmamış potensiala sahib pilot.

Piastri–Ferstappen mübadiləsi mümkündür?

Vokinqdə isə hamı susmağa üstünlük verir. Piastrinin McLaren ilə müqaviləsi 2027-ci ilin sonuna qədər davam edir və bu, komandaya güclü mövqe qazandırır. Lakin Formula 1 tarixi dəfələrlə göstərib ki, müqavilələr heç də keçilməz divar deyil. Pilot ayrılmaq istədiyini açıq şəkildə göstərən kimi danışıqlar başlayır.

Belə vəziyyətdə əsas fiqurlardan biri McLaren Racing-in rəhbəri Zek Braun olacaq. Amerikalı funksionerin mümkün çətin vəziyyəti böyük maliyyə fürsətinə çevirməyə çalışacağı gözlənilir.

Ən maraqlı ssenarilərdən biri isə birbaşa pilot mübadiləsi ola bilər: Oskar Piastri Red Bull-a keçər, Maks Ferstappen isə McLaren-ə yollanar. Lakin hazırda “papaya” rəngli komandanın niderlandlı pilotla maraqlandığını göstərən heç bir ciddi siqnal yoxdur.

Üstəlik, Ferstappenin əsas narazılığı komandalarla deyil, Formula 1-in yeni texniki reqlamenti ilə bağlıdır. Yəni onun gələcəyi hansı komandada çıxış etməsindən çox, çempionatın hansı istiqamətə gedəcəyindən asılı görünür.

Rauf Hacıyev

Şərh əlavə et