Xəbəri Kokpitdə Oxuyun!

Mayami F2 – Kuş Maini poul qazanıb

Formula 2 yarışları ilk dəfə Mayamidə keçirilir və bu faktın özü artıq böyük maraq vəd edir. Üstəlik, Amerika azarkeşlərinə Kolton Herta (bugünkü məşqdə ən yaxşı nəticəni göstərən) və Sebastyan Montoya kimi adlar tanışdır. Əlbəttə, ABŞ-da daha çox onun atası, vaxtilə IndyCar və NASCAR-da uğurla çıxış etmiş Xuan Pablo Montoya tanınır.

Floridadakı bu tras isə F2 sürücülərinə yalnız simulyatorlardan məlumdur. Ona görə də kimin daha tez uyğunlaşacağını görmək xüsusilə maraqlı idi və bu suala qismən cavabı məhz kvalifikasiya verməli idi.

F2-də kvalifikasiya cəmi yarım saat davam edir və ilk sürətli dövrələrdən sonra liderliyə Invicta Racing komandasından braziliyalı sürücüsü Rafael Kamara yüksəlib. O, artıq mövsümün ilk mərhələsində – Melburnda keçirilən əsas yarışda 2-ci yeri tutmaqla diqqətləri cəlb etmişdi.

Ondаn cüzi geri qalan təcrübəli Aleks Dann (Rodin Motorsport, Alpine gənclər proqramının üzvü) ikinci olub. Onun komanda yoldaşı, norveçli Martinius Stenshorn üçüncü yerə çıxıb. Ümumilikdə isə görünürdü ki, sürücülər hələ bu çətin trasa tam uyğunlaşmağa çalışır və əsas mübarizə sessiyanın ikinci yarısında, SuperSoft təkərlərlə başlayacaq.

“Əsas güclər” isə hələlik kölgədə idi. Bu, çempionatın lideri Nikola Tsolov (Campos), eləcə də təcrübəli sürücülər Dino Beqanoviç və Melburndakı sprint yarışının qalibi Coşua Dürksen idi. Cadillac-ın ehtiyat sürücüsü Kolton Herta həmin anda 10-cu, Montoya isə 12-ci pillədə qərarlaşmışdı.

Sessiyanın bitməsinə 10 dəqiqədən az qalmış mübarizə yenidən qızışdı. Əvvəlcə Tsolov liderliyə yüksəldi, lakin dərhal bir neçə sürücü onu geridə qoydu. Ən yaxşı nəticəni isə ART komandasının hindistanlı pilotu Kuş Maini göstərdi – 1:39.888. Kamara növbəti cəhdində cəmi 0.033 saniyə geri qaldı. Teorik olaraq hamının daha bir cəhdi mümkün idi, amma təkərlərin vəziyyəti artıq yaxşı deyildi, üstəlik Mayamidə hava da kifayət qədər isti idi.

Bu arada Herta ikinci cəhdində səhvə yol verdi və 14-cü yerə gerilədi. Dann da səhv etsə də, 4-cü pillədə qala bildi. Sessiyanın bitməsinə təxminən bir dəqiqə qalmış, əksər sürücülər son sürətli dövrəsini vurarkən Stenshornun maşınından qəfil tüstü çıxmağa başladı və o, tras kənarında dayandı.

Bu isə o demək idi ki, sessiya vaxtından əvvəl dayandırılır və nəticələr dəyişməyəcək. Beləliklə, poul mövqeyi artıq F2-də dördüncü mövsümünü  keçirən, 25 yaşlı Kuş Mainiyə qismət oldu. Bu, onun karyerasında cəmi ikinci belə uğurdur.

Rafael Kamaranın ikinci, Stenshornun isə üçüncü nəticəsi də diqqətəlayiqdir, baxmayaraq ki, məhz Stenshornun problemi bəzi sürücülərin daha yüksək yerlərə yüksəlməsinə mane oldu.

10-cu nəticəni göstərən Nikola Tsolov isə sabahkı sprint yarışına poul mövqeyindən start verəcək, çünki gənclər seriyalarında ilk yarış üçün qismən tərsinə start düzümü tətbiq olunur.

Rauf Hacıyev

Şərh əlavə et