Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Yağışda enerji azaldılmalıdır

Williams komandasının sürücüsü Karlos Sayns Mayami Qran Prisi öncəsi gözlənilən fırtına şəraiti səbəbindən vacib qayda dəyişikliyi çağırışı edib.

Mayamidə həftəsonunun böyük hissəsində isti və günəşli hava gözlənilsə də, bazar günü üçün vəziyyət kifayət qədər narahatedici görünür. Yarış günü ərzində güclü yağış, ildırım və göy gurultulu fırtına ehtimalı ön plana çıxır.

FIA mümkün fasilələri minimuma endirmək üçün müəyyən tədbirlər üzərində işləsə də, Saynsın fikrincə təkcə təşkilati addımlar kifayət etməyə bilər. Buna görə də bolidlərdə də dəyişikliklər edilməlidir.

İspan pilot hesab edir ki, yağışlı şəraitdə mövcud 350 kVt-lıq elektrik gücü həddindən artıqdır və bunun 250 və ya 300 kVt səviyyəsinə endirilməsi lazımdır.

Karlos Sayns yaş asfalt üzərində sürüşün nə qədər çətin ola biləcəyi ilə bağlı sualı belə cavablandırıb: “Bəli, açığı hamının beyninin bir küncündə yağışda nətin baş verəcəyi sualı var. Mən həmişə 350 kVt-ın vacib olmadığını demişəm və ümid edirəm ki, yarış üçün bunu 250 və ya 300 kVt-a endirməyin bir yolunu taparıq.

Keçən il də gördük ki, xüsusilə düzlük hissələrdə çox su yığılır. Tras çox düzdür və su səthdə qalır. Divarların çox yaxın olması və bu bolidlərdə görünüşün məhdudluğu ilə birlikdə bunun nə qədər təhlükəsiz olacağı ciddi sual yaradır.

Əgər düzgün tədbirlər görsək, həm yaxşı yarış, həm də maraqlı şou izləyə bilərik. Bütün pilotlar yağışda yarışmaq istəyir, çünki belə yarışlar çox həyəcanlı olur. Mən də yağışda sürməyi sevənlərdənəm.

Lakin bunun təhlükəsiz olması üçün düzgün sistemlər və uyğun bolidlər olmalıdır. Üstəlik ildırım riski də var və bunun necə idarə olunacağını bilmirəm”.

Sayns eyni zamanda yaş şəraitdə istifadə olunan bəzi sistemləri də sorğulayıb: “Məsələn, yalnız öndəki bolidlərdə istifadə olunan DRS kimi bəzi şeyləri anlamıram. Əgər hava müqavimətini ciddi azaltmırsa, niyə var? Əgər bazar günü yağış yağacaqsa, təhlil edilməli bir neçə məsələ var. Pilotlar brifinqində bunları müzakirə etməli və bizi nəyin gözlədiyini dəqiqləşdirməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et