Formula 1 tarixinin ən parlaq və eyni zamanda ən dramatik simalarından biri olan Ayrton Sennanın adı bu gün də sürət, istedad və mükəmməlliklə sinonim kimi çəkilir. Braziliyalı pilotun karyerası yalnız qələbələrlə yox, həm də avtoidmanın taleyini dəyişən hadisələrlə yadda qalıb.
Karyeranın zirvəsi

1960-cı ildə Braziliyanın San-Paulu şəhərində doğulan Senna kartinqdən Formula 1-ə qədər sürətlə yüksəlib. 1984-cü ildə Toleman komandası ilə debüt edən pilot, yağışlı Monako Qran Prisindəki möhtəşəm performansı ilə dərhal diqqət çəkib.
Əsl yüksəliş isə McLaren komandasında başlayıb. 1988, 1990 və 1991-ci illərdə Dünya Çempionu olan Senna, xüsusilə komanda yoldaşı Alen Prost ilə rəqabəti ilə yadda qalıb. Bu duel Formula 1 tarixinin ən gərgin və emosional qarşıdurmalarından biri sayılır.
1994-cü ildə isə Senna yeni çağırışı qəbul edərək Williams komandasında çıxış etməyə başlayıb. Lakin mövsüm onun üçün gözlənildiyi kimi başlamayıb.
Qara həftəsonu – İmola 1994

1994-cü ilin San Marino Qran Prisi həftəsonu Formula 1 tarixinin ən faciəvi səhifələrindən biri kimi yadda qalıb. İtaliyanın İmola şəhərində keçirilən yarış öncəsi hadisələr artıq təhlükənin siqnalını vermişdi.
Cümə günü braziliyalı pilot Rubens Barrikello ağır qəza keçirərək möcüzə nəticəsində sağ qalmışdı. Şənbə günü isə avstriyalı pilot Roland Ratzenberger sıralama turunda dünyasını dəyişmişdi. Bu, 1982-ci ildən sonra Formula 1-də ilk ölüm hadisəsi olmuşdu.
Son dövrə

Mayın 1-də start götürən yarışda Senna pouldan start alırdı. Yarışın 7-ci dövrəsində onun bolidi Tamburello döngəsində idarəetməni itirərək yüksək sürətlə beton divara çırpılmışdı.
Qəza nəticəsində Senna ağır kəllə-beyin travması almış və xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı. Beləliklə, 34 yaşlı əfsanəvi pilotun həyatı faciəvi şəkildə başa çatmışdı.
Miras və dəyişən Formula 1

Sennanın ölümü Formula 1-də təhlükəsizlik məsələlərinə köklü dəyişikliklərə səbəb olub. Beynəlxalq Avtomobil Federasiyası (FIA) yeni qaydalar tətbiq edərək trasların və bolidlərin təhlükəsizliyini artırmağa başlayıb.
Ayrton Senna isə yalnız statistika ilə ölçülməyən bir irs qoyub. Belə ki, onun sürücülük üslubu, riskə baxışı və qələbə əzmi Formula 1 tarixində silinməz iz buraxıb. O, sadəcə çempion deyildi, eyni zamanda avtoidmanın ruhunu dəyişən bir simvol idi.




Şərh əlavə et