Xəbəri Kokpitdə Oxuyun!

Sürücülər tam qazla sürə biləcəklər

Mayamidə sürücülər yenidən kvalifikasiya dövrələrinə tam qazla başlaya biləcəklər. Bu da mövsümün dördüncü mərhələsi öncəsi 2026-cı il reqlamentinə edilən dəyişikliklərdən biridir.

Əslində bu, tam məntiqli və təbii görünür, lakin yeni nəsil güc qurğularının xoşagəlməz xüsusiyyətlərindən biri belə idi: sürücülər sürətli dövrəyə başlamazdan əvvəl son döngədən çıxışda qaz pedalını təxminən 50 faiz səviyyəsində saxlamalı olur, sürətlənməyə isə yalnız start-finiş düzlüyündə başlayırdılar.

Səbəb ondan ibarət idi ki, əgər dərhal tam qaz verilsə, MGU-K aktivləşir və batareyanın enerjisinin bir hissəsi hələ dövrə başlamazdan əvvəl sərf olunurdu. Bu isə sonradan dövrə vaxtına mənfi təsir göstərirdi. Batareya tam dolu olmadıqda, dövrə ərzində hibrid sistemin enerjisindən optimal istifadə etmək mümkün olmurdu.

Bu problemin təsiri trasın konfiqurasiyasından asılı olaraq dəyişirdi: son döngədən start xəttinə qədər məsafə nə qədər uzun olurdusa, enerjinin idarə olunması bir o qədər çətinləşirdi.

Haas komandasının sürücüsü Oliver Berman bunu belə izah edib: “Biz qaz pedalını məcburi olaraq təxminən 50 faiz səviyyəsində saxlamalı olurduq. Bunun üçün displeyə baxmaq lazım gəlirdi ki, pedalı nə qədər basdığını dəqiq görə biləsən, bu isə tam təhlükəsiz deyil”.

Aprel fasiləsi zamanı isə çempionatın təşkilatçıları və iştirakçıları reqlamentə düzəlişlər üzərində razılığa gəliblər. Bu dəyişikliklər əsasən hibrid sistemin iş rejimlərinə – batareyanın doldurulması və enerjidən istifadəyə aiddir.

İndi kvalifikasiya zamanı sürücülər daha ənənəvi şəkildə hərəkət edə biləcəklər. Berman bu dəyişikliyi çox faydalı adlandırıb. Onun komanda yoldaşı Esteban Okon da razıdır: “Ən böyük üstünlük ondadır ki, keçənilki kimi hərəkət edə biləcəyik – son döngəyə yaxşı hazırlaşıb dövrəyə normal başlamaq”.

Bu dəyişiklik ona görə mümkün olub ki, artıq komandalar MGU-K-nın hansı anda aktivləşəcəyini özləri müəyyən edə bilirlər. Haas F1 komandasının rəhbəri Ayao Komatsu bildirib:
“Biz enerjidən nə vaxt istifadə edəcəyimizə özümüz qərar verə bilirik. Bəzi məqamlarda ondan istifadə etmək məcburidir və start-finiş xəttini kifayət qədər sürətlə keçmək lazımdır, əks halda birinci döngəyə doğru sürətlənərkən vaxt itirəcəksiniz.

Ümumilikdə bu, trasın xüsusiyyətlərindən asılıdır, amma artıq pitdən çıxış dövrəsində son döngədən start xəttinə qədər sürücü tam qaz vermək üçün doğru anı gözləmək məcburiyyətində deyil. Əvvəllər mühəndis ona deyirdi ki, indi qazı tam basmaq olar və sürətlənməyə başla.”

Rauf Hacıyev

Şərh əlavə et