Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Titulun taleyi bir yarışda həll olmur

Corc Rassell Mayamiyə çempionatda komanda yoldaşı Kimi Antonellidən 9 xal geri qalaraq gəlib. Mövsümün dördüncü mərhələsi öncəsi Mercedes sürücüsü həftəsonu üçün məqsədlərini açıq şəkildə bildirib – poul qazanmaq, sprinti və əsas yarışı udmaq.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü mövsümə Avstraliyada qələbə qazanaraq, yaxşı başlasa da, Çində ikinci, Yaponiyada isə dördüncü olub.

Corc Rassell: “Bu həftəsonu məqsədim poul qazanmağa çalışmaq, sprinti və əsas yarışı qazanmaqdır.

Çində keçirilən son sprint həftəsonu yaxşı gedirdi, amma sonradan müxtəlif problemlər ortaya çıxdı. Bu mövsüm hələ elə bir həftəsonu olmayıb ki, hər şey istədiyim kimi getsin. Nəticələrə müəyyən amillər təsir edib.

Məsələn, Yaponiyada təhlükəsizlik maşını başqa vaxt çıxsaydı, yarışda bəzi problemlər olmasaydı və Şarl Leklerə qarşı mövqe itirməsəydim, nəticə fərqli ola bilərdi. O yarış mövsümdə mütləq baş verən uğursuz həftəsonlarından biri idi.

Gənclik illərində uğrunda mübarizə apardığım titullar bir həftəsonunda qazanılmırdı. Elə həftəsonları olur ki, maşın sıradan çıxır, insidentlər baş verir və ya sadəcə bəxt gətirmir. Keçən il titul uğrunda mübarizə aparan sürücülərdə də eyni hallar yaşanırdı.

Çətin həftəsonları həmişə olacaq. Ümid edirəm ki, belə hallarda ya Çindəki kimi ikinci, ya da Yaponiyadakı kimi dördüncü yeri tutaram, baxmayaraq ki, o yarış mənim üçün həqiqətən çətin keçdi. Belə nəticələrdən razıyam və ümid edirəm ki, bu dəfə hər şey qaydasında getsə, qələbə qazana bilərəm”.

Rauf Hacıyev

Şərh əlavə et