Onun maşını sürətli deyildi, özü də Formula 1-ə gec gəlmiş pilotlardan idi, hətta İnterlaqosda keçirilən ilk mərhələdə kvalifikasiyadan keçə bilməmişdi. Buna baxmayaraq, paddokda onu uşaqlıq arzusunu reallaşdıran biri kimi çox sevirdilər.
Həmin cümə günü Ratzenberger Rubens Barrikellonun İmolada ağır qəza keçirdiyini görmüşdü. Barrikello xəsarətlərlə xilas oldu, lakin ertəsi gün – 30 aprel tarixində San-Marino Qran-prisinin kvalifikasiyası zamanı Ratzenberger üçün taleyin sonu daha ağır oldu.
O, Vilnöv döngəsində idarəetməni itirdi və bolid yüksək sürətlə divara çırpıldı. Yan tərəfə əyilmiş başı aldığı zərbənin ağırlığını göstərirdi. Formula 1 həkimləri onu xilas etməyə çalışsalar da, mümkün olmadı – Ratzenberger aldığı xəsarətlərdən vəfat etdi. Bu hadisə paddoku sarsıtsa da, həftəsonunu davam etdirmək qərarı verildi.
Cəmi 24 saat sonra pilotlar yarışa start verdilər. Ayrton Senna finişdən sonra Ratzenbergerin xatirəsinə Avstriya bayrağını dalğalandırmaq üçün özü ilə bayraq götürmüşdü. Lakin həmin gün o da dünyasını dəyişdi.
Bir neçə il əvvəl pilotun atası Rudolf Ratzenberger hadisəni belə xatırlayırdı: “Onun ilk sözü ‘ana’ və ya ‘ata’ yox, ‘maşın’ olmuşdu. Simtek ilə müqavilə bağladığını biləndə həyat yoldaşına zəng edib sevinc içində demişdi: ‘Narahat olma, Formula 1 dünyanın ən təhlükəsiz yarışıdır’.
Həmin gün biz həyat yoldaşımla Meksikadan yeni qayıtmışdıq. Mən yayıma baxırdım, o isə mətbəxdə idi. Birdən maşının trasdan çıxdığını və divara çırpıldığını gördüm. Bunun Rolandın bolidi olduğunu anlayan kimi başa düşdüm ki, geri dönüş yoxdur. Zamanla ağrı bir az azalır…
Əgər hər şey başqa cür olsaydı, Roland indi nə edərdi? Dilləri yaxşı bilirdi, insanları idarə etməyi bacarırdı. Yəqin ki, yaxşı biznesmen olardı. Mənə bir qədər təsəlli verən odur ki, o, arzusunu həyata keçirmiş halda dünyadan köçdü”.




Şərh əlavə et