Xəbəri Kokpitdə Oxuyun!

Williams Marvel ilə tərəfdaşlığa başlayır

Williams komandasının pilotları Aleks Elbon və Karlos Sayns eləcə də komanda rəhbəri Ceyms Vovlz Marvel kainatına qoşulur.

Formula 1 ilə Marvel arasında əməkdaşlıqlar yeni deyil. Daha əvvəl Esteban Okon və Pyer Qasli “Deadpool & Wolverine” tanıtımı çərçivəsində xüsusi dəbilqə və kombinezolardan istifadə etmiş, Alpine bolidi də bu tema üçün trasa çıxmışdı. Okon daha əvvəl Spider-Man temalı dəbilqəsi ilə də diqqət çəkmişdi.

Lakin Williams-ın yeni layihəsi bu əməkdaşlığı bir addım da irəli aparır. Elbon, Sayns və Vovlz xüsusi hazırlanmış komiks kitabının səhifələrində yer alacaqlar. Bu xüsusi seriya Monako Qran Prisi öncəsi fərqli “xüsusi üz qapağı” versiyaları ilə satışa çıxarılacaq.

Seriyanın müxtəlif versiyaları Böyük Britaniya, Madrid, Sinqapur, ABŞ və Las Veqas Qran Prilərində də təqdim olunacaq. Bu kolleksiya məhsulunu əldə etmək istəyənlər Mayamidə Williams stendlərindən ön sifariş verə biləcəklər. Komiksin tam versiyasının isə bu ilin oktyabrında ABŞ-da yayımlanması planlaşdırılır.

Williams-ın lisenziya və məhsullar üzrə direktoru Lyuk Timmins layihə barədə belə deyib: “Aleks və Karlos artıq milyonlarla azarkeş üçün qəhrəmandır. İndi isə onlar yarış dünyasını Doctor Doom-dan xilas edərək bunu komiks səhifələrində də göstərəcəklər.

Bu iki kainatı ilk dəfə bir araya gətirməkdən qürur duyuruq və azarkeşlərin komandamıza fərqli bucaqdan bağlanacağını ümid edirik. Belə bir əməkdaşlığı açıqlamaq üçün Mayamidən daha yaxşı yer ola bilməz”.

Hekayənin detalları hələ tam açıqlanmasa da, Elbon, Sayns və Vovlzun “indiyə qədərki ən böyük mübarizə” çərçivəsində Doctor Doom-a qarşı savaşacağı bildirilir.

Onlar bu mübarizədə tək olmayacaqlar – Belə ki, Iron Man, Black Widow və Captain America kimi məşhur qəhrəmanlar da hekayədə yer alacaqlar.

Rauf Hacıyev

Şərh əlavə et