Xəbəri Kokpitdə Oxuyun!

Racing Bulls xüsusi rəng çalarını təqdim edib

Racing Bulls komandası Mayami Qran Prisi üçün hazırladığı parlaq sarı xüsusi  rəng çalarını təqdim edərək, Formula 1 peletonunda uzun müddətdir görünməyən bir rəngi yenidən səhnəyə qaytarıb.

Komandanın yeni rəng çaları Red Bull Summer Edition Sudachi Lime içkisindən ilham alıb və VCARB03 bu həftəsonu Mayamidə məhz bu diqqətçəkən görünüşlə trasda olacaq. Bununla da sarı rəng 2020-ci ildən sonra ilk dəfə Formula 1 peletonuna geri dönmüş olacaq.

Formula 1-də sarı bolidlərdən son istifadə edən komanda, 2021-ci ildə Alpine adını almadan əvvəl Renault idi. Lakin fransız komanda son illərində əsasən qara rəngə üstünlük verib.

Daha əvvələ baxdıqda isə Jordan komandası 1990-cı illərin sonlarında parlaq sarı bolidləri ilə seçilirdi və 2005-ci ilin sonunda idmandan ayrılana qədər bu rənglərlə yarışırdı.

Racing Bulls-un kökləri də maraqlıdır. Komanda Red Bull tərəfindən alınmazdan əvvəl Minardi adı ilə yarışarkən, 2000-ci ildə Telefonica sponsorluğu sayəsində sarı rəngçalarından istifadə etmişdi.

Bu dizayn Racing Bulls-un 2026-cı il mövsümündə ikinci xüsusi liveriyası olub. Faentsa mərkəzli komanda bundan əvvəl mart ayında Yaponiya Qran Prisində ağ və çəhrayı rəngli fərqli dizaynla çıxış etmişdi.

Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Prilərinin təxirə salınması səbəbindən Racing Bulls bu mövsüm keçirilən dörd yarışın yarısında xüsusi dizaynla yarışmış olacaq.

Təqdimat tədbiri Mayami çayı sahilində yerləşən Kiki On The River məkanında keçirilib. Tədbir zamanı Red Bull wakeboard idmançısı Günter Oka yoxuşdan tullanaraq bolidin üzərindən salto atıb və eyni anda bolidin örtüyü havada açılıb. Sürücülər Liam Louson və Arvid Lindblad isə Ski-Doo ilə məkana gələrək təqdimatda iştirak ediblər.

Komandanın CEO-su Peter Bayer Mayaminin komanda üçün xüsusi məna daşıdığını vurğulayıb: “Mayami Visa Cash App Racing Bulls kimliyini göstərdiyimiz xüsusi bir yerə çevrilib. Son iki ildə bu yarışı fərqli və cəsarətli şeylər nümayiş etdirmək üçün istifadə edirik və bu dizayn da istisna deyil. Red Bull Summer Edition rəng çaları komandamızın enerjisini əks etdirir. Biz yaradıcı və sərhədləri sona qədər istifadə edən bir quruluşuq. Yeni mövsümi dadı ‘qanadlandırmaq’ və bu diqqətçəkən dizaynı trasa çıxarmaq üçün çox həyəcanlıyıq.”

Rauf Hacıyev

Şərh əlavə et