Xəbəri Kokpitdə Oxuyun!

Yeni qaydalar istehsalçılara eyni təsir göstərməyə bilər

Mayami Qran Prisi ərəfəsində açıqlanan texniki dəyişikliklərin bütün istehsalçılara eyni təsir göstərməyə biləcəyi düşünülür.

Yeni qaydalara əsasən maksimum enerji geri qazanımı 250 kVt-dan 350 kVt-a qaldırılıb, batareya limiti isə 8 MJ-dən 7 MJ-ə endirilib. Bu dəyişikliklərin qəbulunda xüsusilə mövsümün ilk yarışlarında sürücülərdən gələn tənqidlər mühüm rol oynayıb.

Lakin bu dəyişikliklərin tam “neytral” olmadığı qeyd olunur. Hər istehsalçının güc qurğusu fərqli olduğuna görə, bəziləri bundan üstünlük qazana, digərləri isə çətinliklərlə üzləşə bilərlər.

Təcrübəli F1 jurnalisti Mark Hyuzun fikrincə, xüsusilə enerji geri qazanımının 350 kVt-a yüksəldilməsi hamıya eyni təsir etməyə bilər. Bu sistem MGU-K qurğusunun kifayət qədər fırlanma anı yaratmasına əsaslanır və məhz bu nöqtədə Honda üçün suallar yaranır.

Yeni qaydalarla MGU-H ləğv olunduğundan bütün yük MGU-K generatorunun üzərinə düşür. Bu isə o deməkdir ki, güc qurğusu həm performans yaratmalı, həm də enerji geri qazanımını təmin etməlidir. Honda-nın daxili yanma mühərriyinin rəqiblərlə müqayisədə daha zəif olduğu düşünülür və bu, 350 kVt səviyyəsində effektiv enerji toplamağı çətinləşdirə bilər.

Belə vəziyyətdə Honda mühərriyindən istifadə edən Aston Martin-in batareyanı doldurmaq üçün daha uzun müddət sürəti azaltması lazım gələ bilər. Bu isə dəyişikliklərin nəzərdə tutulan effektini əksinə çevirə bilər.

Oxşar problemlərin Audi və Red Bull üçün də, güc qurğularının xüsusiyyətlərindən asılı olaraq, ortaya çıxması mümkündür.

Digər tərəfdən, peletonun ən güclü güc qurğusuna sahib olduğu düşünülən Mercedes-in yeni 350 kVt limitindən ən səmərəli istifadə edə biləcəyi ehtimal olunur. Bu da dəyişikliklərin kağız üzərində Mercedes mühərrikli bolidlərə üstünlük verə biləcəyini göstərir.

Bununla belə, bütün yeniliklər mənfi deyil. Batareya tutumunun azaldılması və bəzi zonalarda gücün məhdudlaşdırılması sürücülərin gözlənilmədən tez-tez yavaşlamasının qarşısını ala bilər. Həmçinin maksimum 150 kVt “boost” limiti böyük sürət fərqlərindən yaranan riskləri azaltmağa yönəlib.

Nəticə etibarilə, Mayami öncəsi edilən bu dəyişikliklər müəyyən sahələrdə yaxşılaşma vəd etsə də, xüsusilə enerji geri qazanımı ilə bağlı əsas yeniliyin bütün komandalar üçün eyni təsir yaratmama ehtimalı diqqət çəkir.

Əksəriyyət hesab edir ki, bu dəyişikliklərin real təsirini anlamaq üçün ən az üç yarış həftəsonunu izləmək lazımdır.

Rauf Hacıyev

Şərh əlavə et