Xəbəri Kokpitdə Oxuyun!

E.Okon: Simulyatorda yaxşı hazırlaşdıq

Haas komandasının sürücüləri Oliver Berman və Esteban Okon bildiriblər ki, sprint həftəsonuna görə onları çətin yarış gözləyir. 

Kokpit.az xatırladır ki, amerikan komandası mövsümə yaxşı başlayıb. İlk 3 yarışdan sonra Oliver Berman 17 xal, Esteban Okon isə 1 xal toplayıb.

Oliver Berman: “Uzun fasilədən sonra yarışların qayıtmasına çox şadam. Mayami əyləncəli trasdır. Sprint həftəsonu yeni reqlament şəraitində ciddi sınaq olacaq. Hər sessiyada yeni şeylər öyrənirik və buna hazıram.

Mövsümə yaxşı başlamışıq və ümid edirəm ki, bu tempimizi davam etdirəcəyik”.

Esteban Okon isə hava şəraitinin əlavə çətinlik yaradacağını qeyd edib: “Mayami mərhələsi yəqin ki, yüksək temperatur və rütubətdə keçirilən ilk yarış olacaq. Belə şəraitdə yeni bolidləri hələ sınaqdan keçirməmişik. Sprint həftəsonu olduğu üçün çox tez öyrənmək lazım gələcək.

Simulyatorda ciddi hazırlıq görmüşük, xüsusilə enerji idarəetməsi üzərində işlədik. Amma bəzi məqamları yalnız trasda dəqiqləşdirə biləcəyik. Məqsəd məşqləri maksimum effektiv keçirməkdir.

Bolid mövsümün əvvəlində özünü yaxşı göstərib, buna görə də uğurlu həftəsonu keçirəcəyimizə və xal qazanacağımıza ümid edirik”.

Rauf Hacıyev

Şərh əlavə et