Xəbəri Kokpitdə Oxuyun!

Pirelli-nin Mayami proqnozları

Mövsümün üç Amerika mərhələsindən birincisi artıq qarşıdakı həftəsonu keçiriləcək. Formula 1 Mayamiyə yollanır. Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələlərinin ləğvi ilə yaranan fasilədən sonra çempionat Floridadakı şəhər trasına qayıdır.

Mayami Qran-prisi Hard Rock Stadium ətrafında qurulan trasda keçirilir. Bu, Miami Dolphins komandasının stadionudur. Şəhər küçələri və parkinq zonalarından keçən dövrənin uzunluğu 5412 metrdir və yarış 57 dövrədən ibarət olacaq.

Miami International Autodrome 2022-ci ildə Formula 1-də debüt edib. Tras 19 döngə və üç uzun düzlüklə seçilir. Bu həftəsonu komandalar üçün Pirelli-nin ən yumşaq təkər tərkibləri – C3, C4 və C5 əlçatan olacaq. 2023-cü ildə yenilənən asfalt nisbətən hamardır və həftəsonu boyunca trayektoriyanın kauçuk ilə örtülməsi daha sürətli olur.

Trasın maraqlı xüsusiyyətlərindən biri də asfaltın tez qurumasıdır. Keçən il sprint yarışında güclü yağışdan sonra pilotlar qısa müddətdə keçid təkərlərdən quru təkərlərə keçmişdilər. Bu dəfə də dəyişkən hava şəraiti sürprizlər yarada bilər.

Strategiya baxımından böyük sürpriz gözlənilmir. Təkər yeyilməsi adətən aşağı olur, bu da uzun stintlərə və çox vaxt bir pit-stop strategiyasına imkan verir. Bununla belə, şəhər traslarına xas olaraq təhlükəsizlik avtomobilinin çıxma ehtimalı yüksəkdir, çünki səhvlər tez-tez baryerlərə çırpılmaqla nəticələnir.

Mayamidə keçirilən dörd yarışın ikisini Maks Ferstappen qazanıb, son iki ildə isə McLaren pilotları qalib gəliblər: 2024-də Lando Norris karyerasının ilk qələbəsini əldə edib, 2025-ci ildə isə Oskar Piastri qalib olub. Maraqlıdır ki, McLaren hələ də Mayamidə poul qazanmayıbiki dəfə Ferstappen, bir dəfə Şarl Lekler və bir dəfə də Serxio Peres ilk sıradan start alıb.

Mövsümün dördüncü Qran-prisinin podiumunda pilotlar xüsusi dizaynlı kepkalar geyinəcək. Bu kepkalar Pirelli Design və dizayner Denis Dekoviçin əməkdaşlığı ilə hazırlanıb. Dizayn dəniz yırtıcısını xatırladır – boz tonlar köpəkbalığı dərisini, vizordakı elementlər isə açılmış ağız və ya köpəkbalığı siluetini xatırladır.

Rauf Hacıyev

Şərh əlavə et