Dünyada elektromobil satışlarına görə lider olan BYD həqiqətən də avtoidmanda iştirak variantlarını araşdırır. Məqsəd isə brendin Çin xaricində tanınmasını artırmaqdır.
Şirkət rəhbərliyi artıq təsdiqləyib ki, Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali ilə danışıqlar aparılır. Əvvəllər BYD üçün əsas istiqamət Formula E hesab olunurdu, amma indi diqqətin daha çox Formula 1-ə yönələ biləcəyi istisna edilmir. Hələlik isə layihənin yeni komanda yaratmaq, yoxsa mövcud komandalardan birini almaq üzərində qurulacağı bəlli deyil.
Pekində keçirilən mətbuat günü zamanı BYD-nin vitse-prezidenti Stella Li bildirib: “Biz Şanxayda Stefano Domenikali ilə görüşdük. Aramızda isti işgüzar münasibətlər var və daim əlaqədəyik”.
Onun sözlərinə görə, Formula 1-də iştirak perspektivi şirkətdə ciddi şəkildə müzakirə olunur: “Bəli, bunu müzakirə edirik. Bu, texnologiyalarımızı sınamaq üçün real fürsətdir”.
Stella Li həmçinin Formula 1-ə şəxsi marağını da gizlətməyib: “Mən Formula 1-i sevirəm, çünki bu idman ehtirası və xüsusi mədəniyyəti simvolizə edir. Əksər insan F1-ə düşməyi arzulayırlar”.
Qeyd edək ki, FIA-nın prezidenti Məhəmməd ben Sulayem də yaxın keçmişdə çempionata 12-ci komandanın qoşulmasını dəstəklədiyini bildirib. Xüsusilə də bunun Çin istehsalçısının zavod layihəsi olması arzuolunan variant kimi qiymətləndirilir.




Şərh əlavə et