Xəbəri Kokpitdə Oxuyun!

Mayamidə güc balansı necə olacaq?

Mövsümün ikinci başlanğıcı kimi qiymətləndirilən Mayami Qran Prisi ərəfəsində komandaların necə performans göstərəcəyi böyük maraq doğurur.

2026-cı il Formula 1 mövsümündə yaranan gözlənilməz beş həftəlik fasilədən sonra komandalar yenidən yarış tempinə qayıdır. Bu müddət ərzində bolidlərin inkişafı üçün əlavə imkan yaransa da, mövsümün davamı ilə bağlı bir sıra vacib suallar da gündəmdədir.

Mercedes liderliyini qoruyacaq? Rassell Antonelliyə cavab verə biləcəkmi?

Mercedes mövsümə çox güclü start verərək ilk üç yarışı qazanıb və hər iki çempionatda zirvəyə yüksəlib. Bu nəticələr komandaya ciddi özünəinam qazandırsa da, inkişaf prosesi dayanmayıb. Fasilə müddətində komanda həm mövcud paketi təkmilləşdirib, həm də yenilikləri optimallaşdırıb.

Sıralanma turlarında dominant olan Mercedes, yarış tempində isə ilk ciddi təzyiqi Yaponiyada hiss etdi. Oskar Piastri McLaren ilə onların qələbə seriyasını real şəkildə təhdid etdi. Bu da rəqiblərin fərqi azaltmağa başladığını göstərdi.

Digər vacib məsələ isə etibarlılıqdır. Mayamiyə doğru Mercedes hələ də favorit sayılsa da, McLaren və Ferrari-nin aradakı fərqi xeyli azaltması gözlənilir.

Komanda daxilində isə vəziyyət daha da maraqlıdır. Kimi Antonellinin ardıcıl güclü çıxışlarından sonra Corc Rasselin necə reaksiya verəcəyi əsas suallardan biridir. Təcrübəli britaniyalı sürücü mövsümə yaxşı başlasa da, son yarışlardakı xırda problemlər onun tempinə təsir etdi.

Antonelli isə bu fürsətdən maksimum formada istifadə edib. O, Çində ilk qələbəsini qazanaraq tarixə düşüb, Yaponiyada isə yenidən qalib gələrək çempionatın ən gənc liderinə çevrilib.

Rassel təcrübəsinə güvənir və favorit statusunu qoruyacağına inanır. Amma artıq Antonellinin real təhlükə olduğunu da qəbul edir. Bu daxili mübarizənin mövsüm boyu daha da gərginləşəcəyi gözlənilir.

McLaren-in yenilənmiş bolidi nə vəd edir?

Son çempion McLaren mövsümə zəif başlasa da, bu, gözlənilməz deyildi. Keçən mövsümün sonuna qədər gedən çempionluq mübarizəsi və yeni qaydalar komandanın hazırlığını çətinləşdirmişdi.

Avstraliyada geri qalan, Çində isə start ala bilməyən McLaren Yaponiyada toparlanaraq gücünü göstərdi. Oskar Piastri ikinci yeri tutaraq komandaya ilk podiumu qazandırdı.

Komandanın rəhbəri Andrea Stella artıq Mercedes güc qurğusunun istifadəsinə tam uyğunlaşdıqlarını bildirib. Lakin əsas sual şassi tərəfində qalır.

McLaren Mayami və Kanada yarışlarına tamamilə yenilənmiş bolidlə çıxmağa hazırlaşır. Bu plan fasilədən əvvəl də mövcud idi.

Son illərdə hər yeniliklərdən ciddi qazanc əldə edən McLaren-in bu paketi rəqiblər üçün ciddi təhlükə yarada bilər. Lando Norris və Oskar Piastri də mövsümün davamında qələbə uğrunda mübarizə aparacaqlarına inanırlar.

Ferrari Hamilton və Leklerə kifayət qədər güclü bolid verə biləcək?

Ferrari mövsüm başlamamışdan əvvəl belə sürətini göstərmişdi. Xüsusilə startlarda və aerodinamik yeniliklərdə diqqət çəkən komanda, 2026-cı il qaydalarına erkən fokuslanmağın bəhrəsini toplamağa başlayıb.

Fred Vassyörün rəhbərliyində hazırlanan yeni bolid Ferrari-ni ilk üç komanda sırasına qaytarıb. Şarl Lekler üç yarışda iki podium qazanıb, Lyuis Hamilton isə uzun müddətdən sonra boliddən zövq aldığını bildirib.

Buna baxmayaraq, Ferrari hələ də qələbə üçün lazım olan sürəti tapa bilməyib. Bu səbəbdən bütün diqqət Mayami üçün hazırlanmış yenilik paketinə yönəlib. Bu paket onların Mercedes-ə çatıb-çatmayacağını müəyyən edəcək.

Red Bull orta qrupdan çıxa biləcək?

Red Bull-un zəif startı təsadüfi deyil. Komanda 2025-ci il mövsümündə son ana qədər çempionluq uğrunda mübarizə apardığı üçün 2026-cı ilin hazırlığında geri qalıb.

Ford ilə hazırlanan yeni güc qurğusu gözləntiləri qarşılasa da, şassi problemləri sürücüləri çətin vəziyyətə salıb. Nəticədə həm Maks Ferstappen, həm də Ayzek Hacar balans tapmaqda çətinlik çəkirlər.

Üç yarışdan sonra cəmi 16 xalla altıncı yerdə olan Red Bull, liderdən çox geri qalır və hətta Racing Bulls ilə yaxın mübarizə aparır.

Tarix göstərir ki, bu komanda geri dönüş edə bilər, lakin  hazırkı rəqabət səviyyəsində bunu təkrarlamaq çox çətin görünür.

Aston Martin və Williams toparlana biləcəkmi?

Hər iki komanda mövsümə pis başlayıb. Williams test problemləri ilə üzləşib, Aston Martin isə Honda ilə əməkdaşlıqda gözlənilməz çətinliklər yaşayıb.

Fasilə Williams üçün fürsət oldu, belə ki, onlar bolidi yüngülləşdirmək və ilk ciddi yenilikləri hazırlamağın üzərində işlədilər.

Aston Martin-də isə əsas problem etibarlılıq idi. Honda müəyyən irəliləyiş əldə etsə də, hələ tam sabitlik yoxdur. Ədrian Nyui də şassi tərəfdə böyük inkişaf potensialı olduğunu bildirib.

Hər iki komanda Mayamiyə ümidlə yanaşır. Amma orta qrupla fərqi bağlamaq üçün onların gətirəcəyi yenililklər rəqiblərə nisbətdə daha effektiv olmalıdır.

Rauf Hacıyev

Şərh əlavə et