Ferrari və Red Bull Mayami Qran Prisi öncəsi keçirdikləri çəkiliş günlərində diqqət çəkən aerodinamik yenilikləri test ediblər. Həftənin ən maraqlı məqamlarından biri isə Red Bull-un Ferrari-nin çox danışılan “Macarena” arxa qanad konseptini sınaması olub.
Ferrari Monzada keçirilən çəkiliş günündə 200 kilometrlik test limitindən tam istifadə edib. Səhər sessiyasında Şarl Lekler, günün ikinci yarısında isə Lyuis Həmilton sükan arxasına keçib. Rəsmi olaraq tanıtım məqsədli olsa da, bu yürüşlər texniki baxımdan böyük əhəmiyyət daşıyıb.
Ferrari Mayamidə istifadə etməyi planlaşdırdığı yenilik paketini ilk dəfə trasda yoxlayıb. 20 apreldən qüvvəyə minən yeni enerji idarəetmə qaydaları da nəzərə alınanda, Monzanın uzun düzlükləri və sərt əyləc zonaları məlumat toplamaq üçün ideal şərait yaradıb.
Test edilən yeniliklər arasında yeni ön qanad, yeni arxa qanad, yenilənmiş altlıq və bir sıra kiçik aerodinamik dəyişikliklər yer alıb. Eyni zamanda SF-26 mövsümün əvvəlindən inkişaf etdirilən “Macarena” arxa qanadın ən son versiyası ilə trasda olub. Komandanın son həftələrdə əsasən bu sistemin işləmə mexanizmi və dayanıqlılığı üzərində fokuslandığı bildirilib.

Eyni gün Red Bull da Silverstounda öz çəkiliş gününü keçirib. Maks Ferstappenin sürdüyü və paddokda “RB22 2.0” kimi adlandırılan boliddə müxtəlif aerodinamik yeniliklər diqqət çəkib.
Bu yeniliklər arasında halo ətrafına əlavə olunan kiçik qanadcıqlar yer alıb. Ən diqqətçəkən detal isə Ferrari-nin “Macarena” arxa qanad konseptinin Red Bull tərəfindən də sınaqdan keçirilməsi olub.
Sızan görüntülərə əsasən Red Bull mərkəzi dayağı qoruyaraq oxşar tərs profil yanaşmasını tətbiq edib. İlkin qiymətləndirmələrə görə, bu dizayn sürtünmənin azaldılması sazlanmalarından asılı olaraqc düzlüklərdə 5–10 km/saat əlavə sürət qazandıra bilər.
Bu inkişaf maraqlı mənzərə yaradır. Uzun illər aerodinamika sahəsində rəqiblərinə referans sayılan Red Bull-un 2026-cı il mövsümünün ən fərqli həllərindən biri üçün Ferrari-ni izləməsi, balansın dəyişməyə başladığını göstərir.




Şərh əlavə et