Xəbəri Kokpitdə Oxuyun!

McLaren yenilənmiş maşınla gələcək

McLaren komandasının rəhbəri Andrea Stella son mətbuat konfransında azarkeşlərə ümidverici mesaj verib. Onun sözlərinə görə, Mayami və Kanada Qran-prilərinə qədər bolid o qədər ciddi yenilənəcək ki, komandada onu artıq MCL40-ın yeni versiyası kimi dəyərləndirirlər.

Kokpit.az xatırladır ki, “narıncılar” son iki ilin çempionu olsalar da, bu mövsümə elə də yaxşı başlamayıblar. Yalnız Oskar Piastri Yaponiya yarışında ikinci olaraq, komandasına vacib podium qazandırıb.

Andrea Stella: “Planımız həmişə xüsusilə aerodinamika baxımından tamamilə yeni bolid gətirmək idi. Mayami ilə Kanada arasında biz faktiki olaraq tam fərqli MCL40 görəcəyik.

Yarışlar arasındakı uzun fasilə bizə yeniliklər üzərində daha sistemli işləməyə imkan verdi. Amma rəqiblərin də oxşar yeniliklər gətirəcəyini gözləyirəm, ona görə qüvvələr nisbətinin dəyişib-dəyişməyəcəyi sual altındadır. Hər şey kim daha çox irəliləyiş əldə edəcəyindən asılı olacaq.

Hələ də Mercedes-dən, qismən də Ferrari-dən sürət baxımından geri qalırıq, amma görülən işdən razıyıq. Yaponiyada artıq yaxşı potensial göstərmişdik, Mayami və Kanadada isə daha rəqabətədavamlı olacağımızı gözləyirik”.

O, mövsümün başlanğıcını “amerikan dağları” ilə müqayisə etsə də, son aylarda inkişaf baxımından müsbət dinamika gördüklərini vurğulayıb.

Güc qurğusu ilə bağlı məsələlərə toxunan Stella bildirib ki, mövsümün əvvəlində Mercedes HPP ilə işləyərkən müəyyən anlaşma boşluğu var idi: “Bunu əvvəlcədən bilirdik və hazır idik. HPP ilə çox məhsuldar işlədik və indi bu fərqi aradan qaldırdığımızı düşünürəm. Avstraliya ilə müqayisədə həm əməkdaşlıqda, həm də simulyasiya alətlərində ciddi irəliləyiş əldə etmişik”.

2026-cı il reqlamenti barədə danışan Stella pilotların rolunun azalması fikri ilə razılaşmadığını deyib: “Ən yaxşı pilotların əsas xüsusiyyəti həmişə uyğunlaşmaq bacarığı olub. Hansı parametrlərin həlledici olduğunu anlamaq və optimal balans tapmaq məhz onların işidir. Bu, təkcə sürücülük bacarığı deyil, həm də mühəndislərlə birlikdə işləməkdir.

Reqlament dəyişiklikləri bu baxımdan mənzərəni kökündən dəyişmir. Ən yaxşılar yenə də təhlil edib düzgün qərar verənlər olacaq”.

Yeni qaydalarla bağlı Stella etiraf edib ki, sabit reqlament McLaren üçün daha sərfəli olardı: “2023-cü ildən bəri sabit qaydalar şəraitində böyük inkişaf əldə etdik və üstünlük qazandıq. Əlbəttə, eyni şəraitdə davam etmək istərdik, lakin bu dəyişiklik bizim üçün bir sınaqdır.

Bu, ən rahat vəziyyət deyil, ancaq biz bu çağırışı qəbul edirik. Bu, komandanın real səviyyəsini göstərən yaxşı imtahan olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et