Xəbəri Kokpitdə Oxuyun!

S.Domenikali: Problem yoxdur

Bu həftə texniki reqlamentə testlərdə və mövsümün ilk üç mərhələsində toplanmış rəylər əsasında düzəlişlər edilib.

Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikalidən soruşublar ki, bu dəyişikliklər, o cümlədən Maks Ferstappenin də diqqət çəkdiyi problemləri həll edəcəkmi. Domenikali isə bildirib ki, əslində Formula 1-də ciddi problem yoxdur.

Stefano Domenikali: “Mən Formula 1-in hansısa problemləri həll etməli olduğunu düşünmürəm. Formula 1-də problem yoxdur, çünki çempionat əla vəziyyətdədir və bunu aydın şəkildə başa düşmək lazımdır. Azarkeşlərin böyük əksəriyyəti mövsümün əvvəlindən baş verənləri müsbət qarşılayır.

Bəli, ekspertlərin fərqli fikirləri ola bilər, amma bəzən biz mövzunu həddindən artıq dərindən təhlil edir və onu lazımsız dərəcədə mürəkkəbləşdiririk. Texniki detalların çoxu isə ümumiyyətlə azarkeşlər üçün görünməz qalır. Müzakirələr və inkişaf axtarışı normaldır, lakin bu, geniş auditoriya üçün əsas mövzuya çevrilməməlidir.

Əlbəttə, biznesə cavabdeh olanda müəyyən məqamların düzəlişə ehtiyacı olduğunu görmək və reaksiya vermək normaldır. Ümumi yanaşmamız dəyişməyəcək, amma diqqətimizi həqiqətən vacib olan məsələlərə yönəltməliyik.

Reqlament dəyişikliklərinin bütün problemləri həll edib-etməyəcəyinə gəlincə isə buna dəqiq cavabım yoxdur. Ola bilər həll etsin, ola bilər yox. Ancaq əminəm ki, komandalar, pilotlar və FIA vəziyyəti diqqətlə izləyəcək və gələcək istiqamətləri müəyyən edəcək.

Azarkeşlərin münasibətini görmək üçün tribunlara baxmaq kifayətdir – demək olar ki, bütün yarışlara biletlər satılıb. Bu, açıq-aydın görünür və təsirlidir. Mən sizin dediyiniz kimi mənfi mənzərə görmürəm. Əlimizdə konkret rəqəmlər var və onlar müsbət dinamikanı göstərir.

Məsələyə yalnız mühəndis baxış bucağından yanaşmaq olmaz. İnsanlara mübarizə, rəqabət və emosiyalar lazımdır. Əgər həqiqətən ciddi problemlər olsaydı, bunu açıq deyərdim. Biz həmişə fikirlərə qulaq asırıq, amma sonda qərar vermək lazımdır və hamını razı salmaq mümkün deyil.

Son vaxtlar diqqətin GT yarışlarına yönəlməsi ilə bağlı fikirlər məni təəccübləndirdi. Maks Ferstappen orada çıxış edir deyə maraq artır. Kimi Antonelli WEC-in İmola mərhələsinə qatıldı və hamı yenə onu müzakirə edirdi. Bu isə göstərir ki, Formula 1 hələ də diqqət mərkəzindədir.

Mən mövsümün necə yekunlaşacağını maraqla gözləyirəm. Əminəm ki, bizi çox maraqlı mübarizə gözləyir. Formula 1-in uğuru bir qədər də siz jurnalistlərdən asılıdır, çünki azarkeşlərə bu idmanın nə qədər maraqlı olduğunu düzgün çatdırmaq vacibdir.

Son dövrlərdə ayrı-ayrı pilotların fikirlərinə həddindən artıq diqqət verildi və bu, müzakirəni yanlış istiqamətə apardı. Lakin bu bizim üçün dərs oldu.

Mən demirəm ki, nəyisə gizlətmək lazımdır. Sadəcə, çoxlu müsbət məqamlar da var və onlar da işıqlandırılmalıdır. Ən əsası isə odur ki, yeni reqlamentə keçid vacib idi ki, Formula 1 aktual qalsın. Əks halda, bu idmanın mahiyyətini itirə bilərik.

Ümumilikdə demək istədiyim budur”.

Rauf Hacıyev

Şərh əlavə et