Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Türkiyə təqvimə qayıdır

Türkiyə Qran-prisinin Formula 1 təqviminə geri qayıdacağı rəsmən elan olunub. Tərəflər beşillik müqavilə imzalayıblar və yarış 2027-ci ildən etibarən İstanbulun Asiya hissəsində yerləşən İstanbul Park trasında keçiriləcək.

Bu barədə Türkiyənin paytaxtında keçirilən birgə mətbuat konfransında ölkə prezidenti  Rəcəb Tayyip Ərdoğan və Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali məlumat veriblər.

Rəcəb Tayyip Ərdoğan: “Türkiyə Qran-prisinin Formula 1 təqviminə qayıdışı ölkəmiz üçün böyük uğurdur. Türkiyədə idmana böyük sevgi var. Yarışlar ən az beş il ərzində İstanbul Park trasında keçiriləcək və bu, ölkəmizin regionda təhlükəsiz və sabit məkan olduğunu bir daha göstərir”.

Stefano Domenikali: “2027-ci ildən etibarən inanılmaz maraqlı şəhər olan İstanbula qayıtmağımız bizi çox sevindirir. Həm Türkiyədə, həm də bütün dünyada azarkeşlər bunu yüksək qiymətləndirəcək, çünki İstanbul Park Formula 1-in ən maraqlı və çətin traslarından biridir.

Formula 1-in geri qayıdışına göstərilən dəstəyə görə prezident Ərdoğana, Gənclər və İdman Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də Türkiyə Avtomobil Federasiyasına təşəkkürümü bildirirəm. Bu tras Formula 1 tarixində çoxlu xatirələrlə yadda qalıb və əməkdaşlığımızın yeni mərhələsinin başlaması məni çox sevindirir”.

Cümə günü isə İstanbul küçələrində xüsusi şou təşkil olunub – Yuki Tsunoda Red Bull-un Formula 1 bolidi ilə Bosfor sahilindəki kruiz limanından prezident sarayına qədər sürüş edib.

Qeyd edək ki, İstanbul Park trası daha əvvəl 2005-2011, 2020-2021-ci illərdə Formula 1 yarışlarını qəbul edib.

Rauf Hacıyev

Şərh əlavə et