Xəbəri Kokpitdə Oxuyun!

Yeni qaydaların üstünlükləri və mənfiləri nədir?

FIA, komandaların rəhbərləri, güc qurğusu istehsalçıları və FOM-un iştirakı ilə keçirilən görüşdə Formula 1-in 2026-cı il reqlamentinə dəyişikliklər razılaşdırılıb. Böyük sensasiyalar baş verməyib. Tərəflər radikal islahatlardan imtina edərək daha praqmatik yanaşma seçib və yalnız zəif nöqtələri aradan qaldıran dəqiqləşdirilmiş düzəlişlərlə kifayətləniblər.

Bununla belə, The Race-in məlumatına görə, son həftələrdə daha cəsarətli ideyalar da müzakirə olunub. Söhbət enerji bərpası sistemində daha ciddi dəyişikliklərdən, yüksək güc rejiminin məhdudlaşdırılmasından və aktiv aerodinamikanın istifadəsinə düzəlişlərdən gedib. Bu təkliflərin bəziləri hətta Formula 1 və FIA tərəfindən dəstəklənsə də, yekunda təsdiq olunmayıb.

Mənbələrin bildirdiyinə görə, daha radikal təşəbbüslər qeyri-müəyyən müddətə təxirə salınıb. Səbəb isə onların həddən artıq mürəkkəb, kifayət qədər sınaqdan keçməməsi və hazırkı mərhələdə çox radikal hesab olunmasıdır.

Qəbul olunan dəyişikliklər əsasən enerji istifadəsi ilə bağlı parametrlərin təkmilləşdirilməsi ilə məhdudlaşıb. Bu isə o demək deyil ki, Formula 1 ciddi dəyişiklik fürsətini qaçırıb. Əksinə, hər qərarın arxasında məntiqi və rasional izah dayanır.

Məsələn, enerji bərpası limitinin 8-dən 7 MJ-a endirilməsi komandaların apardığı detallı hesablamalar və simulyasiyaların nəticəsidir. Mühəndislər müxtəlif traslarda fərqli enerji səviyyələri ilə bolidlərin davranışını təhlil edərək döngələrdəki performans və düzlüklərdə sürət dinamikası arasında optimal balans axtarıblar. Nəticədə qərar konkret məlumatlara əsasən verilib.

Limit nə qədər aşağı olarsa, enerji yığımı bir o qədər azalır və sıralanma turunda daha uzun müddət tam qazla hərəkət etmək mümkün olur. Amma bunun əvəzində dövrə vaxtı artır. Hesablamalara görə, 7 MJ variantı dövrə vaxtını 1 saniyədən az artırır, 6 MJ olsaydı, bu fərq təxminən 2 saniyəyə çatacaqdı.

Sıralanma turunda bərpa limitinin azaldılması həddindən artıq aqressiv enerji yığımı strategiyalarının qarşısını almalıdır. Güc istifadəsinə qoyulan yeni məhdudiyyətlər bolidlər arasında sürət fərqlərini azaltmağa kömək edəcək, startda aşağı gücü aşkar edən yeni sistem isə ilk metrlərdə təhlükəsizliyi artıracaq.

Buna baxmayaraq, FIA və çempionatın rəhbərliyi Mayami mərhələsinə qədər bütün problemlərin həll olunacağını hesab etmir. Birincisi, simulyasiya həmişə real şəraitlə üst-üstə düşmür. İkincisi, keçmişdə də reqlament dəyişikliklərinin gözlənilməz nəticələrə səbəb olduğu hallar olub.

Üstəlik, yeni düzəlişlər pilotları və azarkeşləri narahat edən bəzi problemləri tam aradan qaldırmır. Bunlardan biri batareya enerjisi bitdikdə düzlüklərdə sürətin kəskin – bəzən 50 km/saatadək azalmasıdır. Bu həm vizual baxımdan yaxşı görünmür, həm də pilotları narazı salır.

Bərpa limitinin azaldılması bu effekti müəyyən qədər yumşaldacaq, çünki pilotlar maksimum gücdən daha seçici istifadə etməli olacaqlar. Bu isə maksimum sürətləri bir qədər aşağı salacaq və sürətlənmə ilə yavaşıma daha hamar olacaq.

Amma ümumi enerji miqdarının azalması o deməkdir ki, düzlüklərdə əlavə gücün çatmadığı hissələr yenə qalacaq və sürət itkisi tam aradan qalxmayacaq.

Formula 1-in mövcud reqlamentlə bağlı bütün problemləri həll etməsi üçün hələ görüləsi işlər çoxdur. Gözlənilir ki, komandalar, FIA və FOM daha ciddi dəyişiklikləri müzakirə etməyə davam edəcək və bu yeniliklərin bir hissəsi 2027-ci ildən qüvvəyə minə bilər.

Bununla belə, artıq indidən vacib bir nəticə var: dəyişikliklərin mümkün olduğu təsdiqləndi və komandalar bir araya gələrək balanslı qərarlar qəbul etməyi, onları yoxlayıb təsdiqlətməyi bacardı.

Nəticədə, ehtiyatlı, lakin rasional yanaşma heç bir qərarın qəbul edilməməsindən qat-qat daha yaxşıdır

Rauf Hacıyev

Şərh əlavə et