2013-cü ildən bəri Braklidə yerləşən komandanın rəhbəri olan Volf bu müddətdə Formula 1 tarixinin ən uğurlu komanda rəhbərlərindən birinə çevrilib. Mercedes 2014–2021-ci illər arasında ardıcıl səkkiz çempionluq qazanaraq rekord müəyyənləşdirib.
2024-cü ilin əvvəlində yeni üçillik müqavilə imzalayan Volfun hazırkı kontratı bu mövsümün sonunda bitir. Komandanın hazırkı forması nəzərə alınanda onun davam edəcəyi gözlənilsə də, növbəti müqavilənin sonuncu ola biləcəyi barədə fikirlər səslənir.
Avstriyalı yalnız komanda rəhbəri deyil, eyni zamanda Mercedes-də səhmdardır. Lakin ötən payız o, payının bir hissəsini – komandanın təxminən 5 faizini Corc Kurtza satıb. Rəsmi olaraq bu addımın ayrılıqla bağlı olmadığı bildirilsə də, paddokda fərqli şərhlər yayılıb.
Jurnalist Neyt Sondersin fikrincə, Volf artıq bu roldan tədricən uzaqlaşmağa başlayıb və yaxın illərdə komandada qalmaya bilər.
Yerinə kim gələ bilər?
Volfun mümkün ayrılığı halında bir neçə namizəd ön plana çıxır:
- Bredli Lord – yeni təyin olunmuş müavin. Lakin mühəndislik təcrübəsinin olmaması risk yaradır.
- Ceyms Allison – texniki direktor kimi güclü namizəd sayılır. Onun seçilməsi komandanın mühəndislik yönümlü strukturunu qoruyar.
- Ceyms Voulz – o da alternativdir. Amma hazırda Williams-a rəhbərlik etdiyi üçün geri dönüş ehtimalı zəif görünür.
Kim gəlirsə gəlsin, işi asan olmayacaq. Kristian Hornerdən sonra Red Bull-da yaşanan keçid dövrünə bənzər şəkildə, Mercedes-də də yeni mərhələnin ciddi təzyiq altında keçəcəyi gözlənilir.
Hazırda Volf vəzifəsində qalır, lakin səslənən iddialar Mercedes-də yaxın illərdə mərhələli dəyişikliklərin qaçılmaz ola biləcəyini göstərir.




Şərh əlavə et