Xəbəri Kokpitdə Oxuyun!

Red Bull-da struktur dəyişir

Red Bull Racing komandası texniki departamentin iş səmərəliliyini artırmaq məqsədilə bir sıra struktur dəyişiklikləri etdiyini açıqlayıb.

Əsas yenilik baş konstruktor Ben Voterhausun səlahiyyətlərinin genişləndirilməsidir. O, artıq şassinin hazırlanması ilə bağlı bütün proseslərə cavabdeh olacaq və birbaşa komandanın texniki direktoru Pyer Vaşeyə izahat verəcək.

Voterhaus 2014-cü ildə Sauber-dən Red Bull sisteminə qoşulub. Əvvəlcə Toro Rosso-da texniki direktorun müavini kimi çalışıb, 2017-ci ildən isə Red Bull Racing-də performans üzrə baş mühəndis vəzifəsini icra edib.

Bundan əlavə, iyulun 1-dən etibarən Andrea Landi performans üzrə direktor kimi fəaliyyətə başlayacaq və Ben Voterhausa tabe olacaq. Landi daha əvvəl Ferrari-də işləyib, sonradan isə Racing Bulls komandasına keçərək texniki direktorun müavini vəzifəsində çalışıb. Komandanın açıqlamasına görə, onun təcrübəsi və biliyi yüksək nəticələr uğrunda mübarizədə əlavə güc qatacaq.

Red Bull-da vurğulanır ki, bu dəyişikliklər daxili kadrların inkişafına yönəlib. Bununla yanaşı, digər komandalarla işləyən mütəxəssislərin cəlb olunması istiqamətində işlər də davam etdirilir.

Rauf Hacıyev

Şərh əlavə et