FIA, Liberty Media və komandalar mövsüm ərzində qaydalara dəyişiklik etmək üçün bir sıra müzakirələr aparırlar. Məqsəd bir tərəfdən sıralanma turlarını daha maraqlı edərək qısa müddətdə tamaşa dəyərini artırmaq, digər tərəfdən isə gələcək üçün daha sağlam texniki baza qurmaqdır.
İlk görüşdən sonra FIA bu prosesin mütəmadi toplantılarla davam edəcəyini təsdiqləmişdi. Ayın 9-u keçirilən iclas əsasən idman qaydalarına həsr olunsa da, bu məsələləri texniki tərəfdən ayırmaq mümkün deyil. Bu gün isə komandaların texniki heyətləri federasiya ilə yenidən bir araya gəlir. Həlledici tarix isə 20 aprel sayılır. Həmin gün komanda rəhbərləri, FIA və Formula 1 rəhbərliyi təklifləri qiymətləndirib qərar verəcəklər.
Müzakirələrin əsas mövzusu 2026-cı il güc qurğularının elektrik hissəsidir. Daxiliyanma mühərriyinin gücünü mövsüm ərzində artırmaq mümkün olmadığı üçün, termal və elektrik gücü arasındakı balansı dəyişmək üçün yeganə real variant elektrik tərəfdə dəyişiklik etməkdir.
İlk təkliflərdən biri MGU-K sisteminin maksimum gücünü azaltmaqdır. Hazırda 350 kVt olan bu göstərici bəzi komandaların simulyasiyalarında 300 kVt və daha aşağı səviyyələrə endirilib. Bu halda bolidlər ümumilikdə bir qədər yavaş olacaq, lakin elektrik enerjisi dövrə boyu daha uzun müddət istifadə edilə biləcək və güc paylanması daha balanslı olacaq.
Lakin bu ideya ciddi müqavimətlə qarşılanır. Xüsusilə 250 və ya 200 kVt kimi kəskin azalmalar bəzi komandalar tərəfindən texniki tarazlığı poza biləcək addım kimi qiymətləndirilir. Bundan əlavə, Liberty Media da elektrik gücünün çox azaldılmasına isti yanaşmır. Bu, 2026-cı il qaydalarının texnoloji və kommersiya mesajı ilə ziddiyyət təşkil edə bilər.
Daha çox dəstək qazanan digər variant isə enerji geri qazanımının azaldılmasıdır. Hazırda dövrə başına 9 MJ olan limitin təxminən 6 MJ səviyyəsinə endirilməsi müzakirə olunur.
Bu dəyişiklik də bolidləri bir qədər yavaşlatsa da, bəzi müsbət təsirlər yarada bilər. Xüsusilə müasir Formula 1 sürüşünün ayrılmaz hissəsinə çevrilmiş “lift and coast” və “super clipping” kimi üsulların həddindən artıq istifadəsini məhdudlaşdıra bilər.
Beləliklə, pilotlar döngələrdə daim enerji toplamaq məcburiyyətində qalmadan daha təbii və aqressiv sürüş nümayiş etdirə bilərlər. Xüsusilə sıralanma turlarında daha fasiləsiz və sürətli dövrələr mümkün ola bilər.
Yarışlarda da oxşar effektlər gözlənilir. Məsələn, Yaponiya Qran Prisində müşahidə olunan enerji idarəetməsindən qaynaqlanan böyük sürət fərqlərinin azalması təhlükəsizlik baxımından da müsbət nəticə verə bilər.
Müzakirədə olan digər variant isə sıralanma və yarış üçün fərqli enerji limitlərinin tətbiqidir. Lakin bu fikir komandalar tərəfindən çox dəstəklənmir.
Bunun əsas səbəbi qapalı park qaydalarıdır. Həftəsonu boyunca bolidlərin eyni sazlama ilə çıxış etməli olması fərqli enerji parametrlərinin tətbiqini texniki baxımdan xeyli çətinləşdirir.
Müzakirələr hələ ilkin mərhələdə olsa da, ümumi istiqamət artıq formalaşır. Radikal dəyişikliklərdən çox, mərhələli və məqsədyönlü düzəlişlərin ön plana çıxacağı gözlənilir.




Şərh əlavə et