Xəbəri Kokpitdə Oxuyun!

Texniki təhlil: Aston Martin-in yenilikçi altlığı

Performans problemləri ilə mübarizə aparan Aston Martin, AMR26 modelində tətbiq etdiyi orijinal aerodinamik həllərlə paddokda maraq oyatmağa davam edir.

2026-cı il mövsümündə güc çatışmazlığı və vibrasiya problemləri ilə çətin günlər yaşayan komanda texniki sahədə yenilikçi yanaşmaları ilə diqqət çəkməkdədir. Silverstoun mərkəzli kollektiv xüsusilə aerodinamika sahəsində ortaya qoyduğu ideyalarla rəqiblərə ilham verə biləcək bir istiqamət seçib.

Mövsümün ilk böyük yeniləmələrindən biri Avstraliyada təqdim olunub və AMR26-nın altlıq hissəsində edilən dəyişikliklər ön plana çıxıb. Müasir Formula 1-də ən kritik aerodinamik elementlərdən biri sayılan bu hissədə komanda qaydaları kreativ şəkildə işləyərək, maraqlı həll tətbiq edib. Daha əvvəl Red Bull Racing tərəfindən fərqli formada istifadə olunan hava axını yönləndirmə konsepti burada daha da inkişaf etdirilib.

Komanda altlığın üst səthində xüsusi oyuq yaradaraq hava axınını kənara yönləndirən “outwash” effekti əldə edib. Yəni səthin üst hissəsində kiçik çökəklik formalaşdırılaraq, hava yanlara ötürülür. Bunun nəticəsində ön təkərlərin yaratdığı “çirkli hava” altlığın altına daxil olmur. Eyni zamanda bu dizayn hava yönləndiricilərinin daha yüksək yerləşdirilməsinə imkan yaradaraq, ümumi aerodinamik səmərəliliyi artırır.

Ön qanadda da oxşar inkişaf müşahidə olunur. Komanda mövcud konstruksiyanı tam dəyişmək əvəzinə incə toxunuşlarla təkmilləşdirmə yolunu seçib. Qanadın bəzi hissələrində edilən dəyişikliklər hava axınının daha effektiv idarə olunmasına xidmət edir. Yan hissələrin bir qədər daha açıq formaya salınması isə havanı avtomobildən kənara yönəldərək səmərəliliyə əlavə töhfə verir.

Bütün bu yeniliklərə baxmayaraq əsas problem hələ də güc qurğusu və vibrasiyadır. Mühərrik performansındakı çatışmazlıqlar və maşın daxilindəki titrəyişlər aerodinamik qazancın trasda tam hiss olunmasına mane yaradır.

Buna baxmayaraq həll axtarışları davam edir. Yaponiya həftəsonunda yeni sükan test edilib və vibrasiyanın əhəmiyyətli dərəcədə azaldığı bildirilsə də, bu detal yarışda istifadə olunmayıb.

Komandanın yaxın yarışlarda yeni detallar gətirəcəyi gözlənilir. Lakin daxildə əsas hədəfin 2027-ci il mövsümü üçün güclü təməl formalaşdırmaq olduğu qeyd olunur. Bunun üçün isə ilk növbədə mövcud bolidin problemlərinin aradan qaldırılması vacibdir.

Rauf Hacıyev

Şərh əlavə et