Mövsümöncəsi testlər zamanı Mercedes-in baza komandası ilə müştəri komandalarının istifadə etdiyi güc qurğuları fərqli versiyalarda olublar. Mercedes bu qərarı belə izah edib: testlərdə əsas diqqət maksimal sürətə deyil, yeni güc qurğuları ilə işləmə prosesinə yönəlib. Etibarlılıqla bağlı əlavə risklərdən qaçmaq üçün müştəri komandalarına daha əvvəl sınaqdan keçirilmiş modifikasiya təqdim olunub.
Baza komandası isə 1 mart tarixinədək homologasiyadan keçməli olan ən yeni M17 E Performance versiyasından istifadə edib. Formula 1 reqlamentinə əsasən, mövsüm başladıqdan sonra müştəri komandalar baza komandası ilə eyni spesifikasiyanı almalıdırlar. Bu isə o deməkdir ki, Mercedes-in üç müştərisi Melburnda son versiyaya keçərək, müəyyən irəliləyiş əldə edə bilərlər.
McLaren-in rəhbəri Andrea Stella testlərdə istifadə olunan versiyalar arasındakı fərqlər barədə detallara varmayıb, lakin Melburnda ən son modifikasiyanı alacaqlarını təsdiqləyib: “Güc qurğusunun spesifikasiyası barədə ətraflı danışmaq istəmirəm. Düşünürəm ki, bu, Mercedes-in müştəri və zavod komandalarına təchizat strategiyasının bir hissəsidir. Əsas olan odur ki, düzgün spesifikasiya ilk yarışdan etibarən bizim üçün əlçatan olacaq”.




Şərh əlavə et