Xəbəri Kokpitdə Oxuyun!

Mercedes-dən qeyri-adi arxa qanad

Gözlənildiyi kimi, mövsümöncəsi testlərin artıq ikinci yarısında əksər komandalar diqqətçəkən texniki yeniliklər təqdim etdilər. Ən maraqlı həllərdən biri isə testlərin son günündə Mercedes komandasının W17 modelində istifadə etdiyi yeni arxa qanad oldu.

Komanda bu versiyanı günün ilk yarısında, sükan arxasında Kimi Antonelli olarkən sınaqdan keçirib. Qanadın əsas fərqi mürəkkəb formalı, yuxarı hissələri yanlara doğru əyilmiş modernləşdirilmiş yan lövhələrdir (endplate). Bu həll qanadın hərəkətli elementinin bərkidildiyi zonada hava axınının keyfiyyətini yaxşılaşdırmağa imkan verir.

Həmin sahədə əlavə olaraq cəmi bir neçə santimetr hündürlüyündə kiçik aerodinamik detal da peyda olub – miniatür “Gurney flap” tipli element. Bu detal bir tərəfdən həmin zonada aerodinamik yüklənməni artırır, digər tərəfdən isə xüsusilə sıx olan hava axınını daha effektiv idarə etməyə kömək edir.

Paolo Filisetti, RacingNews365-in texniki eksperti, bu elementin iki əsas funksiyasını qeyd edir:

  1. Düzlüklərdə, qanad açıq vəziyyətdə olarkən hava axınının sıxlığını qorumağa kömək edir.
  2. Qanad bağlandıqda və yuxarı müstəvisi dönərək daha çox asfaltayatma qüvvəsi yaratdıqda, yüklənmənin artımı daha kəskin deyil, daha yumşaq baş verir.

Yəni düzlüklər üçün nəzərdə tutulmuş rejimdən döngələr üçün daha yüksək asfaltayatma qüvvəsi rejiminə keçid daha hamar şəkildə həyata keçirilir.

Həm bu formalı yan lövhələr, həm də əlavə element texniki reqlamentə tam uyğundur. Maraqlıdır ki, oxşar cəsarətli həll Ferrari-də də müşahidə olunur. Belə ki, onların arxa qanadının yuxarı müstəvisi düzlüklərdə tam açılır.

Hazırda əsas sual budur: komandalar bu həlləri mövsümün ilk yarışlarında dərhal tətbiq edəcəklər, yoxsa məşqlər zamanı sınaqları davam etdirəcəklər? Bu sualın cavabı isə artıq ilk Qran-prilərdə bəlli olacaq.

Rauf Hacıyev

Şərh əlavə et