Xəbəri Kokpitdə Oxuyun!

Ədrian Nyuidən acı etiraf

Aston Martin komandasının rəhbəri Ədrian Nyui Formula 1 Komissiyasının iclasında Honda-nın yeni güc qurğusunun yetərincə effektiv olmadığını etiraf edib.

Müxtəlif mənbələrin məlumatına görə, Nyui qeyri-rəsmi söhbətlərdə bildirib ki, güc qurğusu enerji rekuperasiyasını hətta aşağı hədd olan 250 kVt səviyyəsində belə təmin edə bilmir. Halbuki yarışın müəyyən mərhələlərində yuxarı hədd – 350 kVt qüvvəyə minir. Bu problem düzlüklərdə sürət çatışmazlığı yaradır və komandanın inkişafını faktiki olaraq dalana dirəyir.

Hibrid sistem düzgün işləmədiyi üçün şassinin real aerodinamik potensialını qiymətləndirmək mümkün olmur. Bu isə Nyui və onun mühəndislərini inkişaf prosesində çıxılmaz vəziyyətə salıb, çünki aerodinamikanın nə qədər effektiv olduğunu anlamaq üçün sabit və proqnozlaşdırıla bilən güc qurğusu vacibdir.

Vəziyyəti çətinləşdirən digər məqam isə Aston Martin-in tarixində ilk dəfə öz istehsalı olan sürətlər qutusudur. Bu transmissiya Honda mühərriki ilə düzgün uyğunlaşmır və nəticədə Fernando Alonso və Ləns Stroll qeyri-sabit, proqnozlaşdırılması çətin maşınla mübarizə aparmalı olurlar.

Əksəriyyətin gözlədiyi irəliləyiş və çempionluq uğrunda mübarizə əvəzinə, Aston Martin ciddi böhranla üz-üzə qalıb. Bu vəziyyətdən çıxmaq isə komanda üçün heç də asan olmayacaq.

Rauf Hacıyev

Şərh əlavə et