Bu isə bir qədər paradoksal görünür, çünki Silverstoun təmsilçisi ötən mövsüm maşının modernizasiyasına minimum resurs ayırmış, bütün diqqəti 2026-cı il reqlamentinə yönəltmişdi. Lakin ya dəyişikliklərin miqyası gözləniləndən böyük olub, ya komanda imkanlarını düzgün qiymətləndirməyib, ya da yeni rəhbər Ədrian Nyuiyə cəsarətli ideyalarını reallaşdırmaq üçün kifayət qədər vaxt çatmayıb. Nəticədə komanda çox çətin vəziyyətdə qalıb.
Honda mühərriyi – əsas başağrısı

Problemlərin ayrıca bir hissəsi yeni Honda güc qurğusu ilə bağlıdır. Mühərrik tez-tez sıradan çıxıb və effektivliyi də gözləntiləri doğrultmayıb.
Bəhreyndə Aston Martin altı test günü ərzində Qran-Prinin yarış məsafəsinə bənzər normal uzun seriya belə keçə bilməyən yeganə komanda olub. Yarış simulyasiyasından isə ümumiyyətlə söhbət gedə bilməz. Üstəlik, Fernando Alonso və Ləns Stroll start prosedurunun məşqlərində də iştirak etməyiblər.
İspaniyanın Marca nəşrinin yazdığına görə, komandada artıq böhrandan çıxış üçün təcili tədbirlər planı hazırlanıb. Problemlərin əsas səbəbləri müəyyənləşdirilib və Yaponiyada, Honda Racing Corporation-un Sakuradakı bazasında gecə-gündüz stend sınaqları aparılır.
Lakin vaxt sürətlə azalır. Avstraliya Qran-Prisinə iki həftədən də az vaxt qalıb və problemin həmin vaxta qədər tam həll ediləcəyinə heç kim zəmanət vermir.
Homoqolasiya və risklər

Güc qurğusunun homoqolasiyası 1 mart tarixinə planlaşdırılıb. FIA ümid edir ki, Honda mühəndisləri bu vaxta qədər yeni, amma çox “kaprizli” mühərriyin etibarlılığını ən azı qəbul edilə bilən səviyyəyə çatdıra biləcəklər.
Aşkar olunan əsas problemlərdən biri soyutma sisteminin yetərincə effektiv işləməməsidir. Bu isə digər sistemlərə də mənfi təsir göstərir. Soyutma problemi həll olunsa, digər nasazlıqların da aradan qalxacağı ehtimal edilir. Ancaq görülən tədbirlərin yeni, hələ üzə çıxmamış problemlər yaratmayacağına heç kim zəmanət verə bilməz və bu risk kifayət qədər böyükdür.
Sürətlər qutusu və titrəmə problemi

Digər ciddi məsələ komandanın özü tərəfindən hazırlanmış yeni sürətlər qutusudur. Aston Martin uzun müddət bu cür layihələrlə məşğul olmayıb, çünki əvvəllər həm mühərriki, həm də ötürmələr qutusunu Mercedes-dən alırdı. Yeni transmissiya da gözlənilən səviyyədə işləməyib.
Buna daxili yanma mühərriyinin güclü tətrəməsi də əlavə olunur. Bu titrəmə digər sistemlərin işinə mənfi təsir göstərir və maşının trasda qeyri-sabit davranmasına səbəb olur.
Pessimist ssenari

İspan mətbuatında artıq ən qara ssenarilər də müzakirə olunur: Melburnda Alonso və Stroll ya ümumiyyətlə kvalifikasiyadan keçə bilməyə, ya da yarışa başlasalar belə finişə çata bilməyə bilərlər.
İkiqat dünya çempionu Alonso cümə günü açıq şəkildə bildirib ki, həllini gözləyən problemlər çoxdur. Komandanın və yapon tərəfdaşlarının Avstraliyaya qədər heç olmasa müvəqqəti kompromis həll tapa bilib-bilməyəcəyi isə hələlik açıq sual olaraq qalır.




Şərh əlavə et