The Race nəşrinin ekspertləri ilkin təhlillərini bölüşüblər. Aydındır ki, qüvvələr nisbəti barədə heç kimdə tam dəqiq təsəvvür yoxdur, amma bəzi tendensiyalar artıq görünür.
Ferrari-nin tempi şərti qiymətləndirilməlidir
Şarl Lekler testlərdə sürətli pilotlardan biri idi və Ferrari-nin yeni SF-26 modeli rəqabətədavamlı təsir bağışladı – xüsusilə də uzun seriyalarda.
Lakin belə görünür ki, Ferrari artıq maşının potensialına daha çox yaxınlaşıb, halbuki Mercedes və onların W17 modeli hələ ehtiyat saxlayır. Leklerin sözlərinə görə, rəqiblər öz real formalarını gizlədirlər.
Bundan başqa, McLaren-in testlərdə Mercedes-in ən son mühərrik versiyasını istifadə etmədiyi barədə şayiələr var. Bu isə o deməkdir ki, Vokinq təmsilçisinin real gücü yalnız Avstraliyada bəlli olacaq.
Hazırda isə mövsümün əvvəlində favorit kimi məhz Mercedes göstərilir.
Dörd lider və digərləri
Əgər ötən mövsüm yeddi fərqli komanda podiuma çıxmışdısa, 2026-cı ilin əvvəlində fərq yenidən artıb. Formula 1-də açıq şəkildə iki liqa formalaşır.
Lider dördlük (Mercedes, Ferrari, McLaren və Red Bull) arasında fərq saniyənin bir neçə onluq hissəsi qədərdirsə, orta qrup artıq ən az bir saniyə geri qalır.
Aston Martin-in problemləri

Aston Martin üçün vəziyyət narahatlıq doğurur. Testlərin son günündə komanda cəmi altı dövrə vurub.
Komandada çıxış edən Fernando Alonso və Ləns Stroll üçün mövsümün başlanğıcı çətin görünür. Yeni Honda güc qurğusu həm etibarlılıq, həm də səmərəlilik baxımından suallar doğurur.
Üstəlik, maşın Ədrian Nyuinin rəhbərliyi altında hazırlanıb, lakin az yürüş səbəbindən AMR26-nın real potensialını qiymətləndirmək çətindir. Liderlərlə fərqi qısa müddətdə aradan qaldırmaq real görünmür.
Texniki yeniliklər davam edir

Əksər komandalar Bəhreynə yenilənmiş versiyalarla gəliblər. Məsələn:
•Audi R26 modelində yeni yan pontonlar təqdim edilih.
•Ferrari qeyri-adi aerodinamik həllərlə diqqət çəkib.
•SF-26-da arxa hissədə hava axınını yaxşılaşdırmaq üçün əlavə deflektor və 180 dərəcə fırlanan hərəkətli elementə malik arxa qanad sınaqdan keçirilib.
•Mercedes də testlərin son günündə yenilənmiş arxa qanadla çıxış edib.
Alpine yüksəlişdədir

Alpine F1 ötən ilin uğursuzluğundan sonra irəliləyiş nümayiş etdirib və artıq Mercedes mühərriklərindən istifadə edir.
Komandanın pilotları Pyer Qasli və Franko Kolapinto mövsümün əvvəlində orta qrupda yüksək yerlər uğrunda mübarizə apara bilərlər. Komanda rəhbərliyi də irəliləyişə əmindir, baxmayaraq ki, real mövqelər hələ bilinmir.
Audi sakit, amma hazırdır

Audi testlərdə səs-küy yaratmasa da, yeni mühərrik və ötürmələr qutusunun sazlanması üzərində işləyib. Son gündə Gabriel Bortoleto 1:33.755 zaman nəticəsi göstərib və bu, lider Leklerdən 1,758 saniyə zəifdir.
Ehtimal olunur ki, Audi pilotları kvalifikasiyanın ikinci hissəsinə keçə biləcəklər, lakin bu, asan olmayacaq.
Cadillac debütə hazırdır

Yeni Amerika komandası Cadillac F1 testlərdə praqmatik yanaşma nümayiş etdirib.
Komanda rəhbəri Qrem Loudon bildirib ki, digər komandaların nümayəndələrindən çoxlu müsbət mesajlar alıblar.
Çətinliklər olsa da, komanda 107 faiz qaydasına düşməkdə problem yaşamayacaq və mövsümə stabil başlamağa hazır görünür.
Ümumi mənzərə
•Favorit: Mercedes
•Əsas rəqiblər: Ferrari, McLaren, Red Bull
•Orta qrupda ən yaxşı dinamika: Alpine
•Ən çətin vəziyyət: Aston Martin
•Debütant, amma stabil: Cadillac
Əsl qüvvələr nisbəti isə yalnız Melburndakı ilk yarış həftəsonunda tam aydınlaşacaq.




Şərh əlavə et