Xəbəri Kokpitdə Oxuyun!

Pirelli testlərdən razıdır

Pirelli qış testlərinin yekunlarından razıdır. Təkərlərin effektivliyi və yeyilməsi əvvəlcədən aparılmış hesablamalara uyğundur.

Kokpit.az xatırladır ki, Bəhreyndə keçirilən qış testləri dünən başa çatıb. Artıq komandalar iki həftə sonra keçiriləcək Avstraliya Qran Prisini gözləyirlər.

Mario İzola, Pirelli-nin Motorsport direktoru: “Son günlərdə maşınların konstruksiyasında baş verən ciddi dəyişikliklər komandaların diqqətini qaçılmaz olaraq təkərlərdən çox mühərrik və aerodinamikaya yönəltdi. Adətən testlərin son günləri maşınla təkərlərin qarşılıqlı işinin optimallaşdırılmasına həsr olunur, lakin görünür ki, bəzi komandalar hələ bu mərhələyə çatmayıb.

Ümumilikdə trasdakı nəticələr bizim hesablamalarımıza uyğun oldu. Pilotlar qısa və uzun seriyalarda Pirelli təkərlərinin bütün dəstlərini sınaqdan keçirdilər, o cümlədən Bəhreyn üçün o qədər də uyğun olmayan C4 və C5 tərkiblərini də…

Bütün tərkiblərdə mexaniki möhkəmlik yüksək idi, biz dənlənmə və qabarcıq (blistering) əlamətləri görmədik. Aşınma səviyyəsi isə Bəhreyndə yarış zamanı gözlədiyimizdən bir qədər yüksək oldu, çünki yarışda temperatur daha aşağı olacaq və maşınlar daha təkmilləşmiş vəziyyətdə çıxış edəcək.

Bu mövsüm əsas vəzifə hər iki oxda təkər temperaturunun eyni səviyyədə saxlanılması olacaq, xüsusilə Melburndakı ilk yarış ərəfəsində. Şəhər traslarında təkərlərə düşən yük az olduğundan, xüsusilə sıralanma turunda daha diqqətli hazırlıq və temperatur nəzarəti tələb oluna bilər.

Hər halda komandaların testlərdə öz üstünlüklərini gizlətmək üçün mühərrik gücünü nə qədər azaltdıqları maraqlı olacaq. Kim kimdir – bunu öyrənmək üçün cəmi bir neçə həftə gözləmək lazımdır”.

Rauf Hacıyev

Şərh əlavə et