Xəbəri Kokpitdə Oxuyun!

Həftəsonlarının formatı dəyişiləcək?

Formula 1-də sprint olmayan yarış həftəsonlarının formatına dəyişiklik etmək müzakirə olunur. Bunun əsas səbəbi isə cümə günü trasda tamaşaçılar üçün daha maraqlı tədbirlər təşkil etməkdir.

Sprint yarışlarının sayını maksimum həddə – 12-yə qədər artırmaq ideyası da gündəmdədir, lakin dünya çempionatının təşkilatçılarının planları bununla məhdudlaşmır.

Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenicali bildirib ki, ənənəvi iki birsaatlıq sərbəst yürüşdən imtina variantı da nəzərdən keçirilir. Müzakirə olunan ideyalar arasında cümə proqramına rəqabət elementi əlavə etmək, məşqlərin müddətini artırmaq və ya yalnız gənc sürücülər üçün xüsusi sessiya keçirmək var.

Bu təşəbbüslər azarkeşlər arasında aparılmış sorğunun nəticəsində ortaya çıxıb. Eyni zamanda, yarış promouterləri də həftəsonunun bütün günlərində tribunaları doldurmaqda maraqlıdırlar.

Domenikalinin sözlərinə görə məqsəd trasda keçirilən hər günə əlavə məna qazandırmaqdır. Xüsusilə sprint olan həftəsonlarında gənc sürücülərin adaptasiya üçün vaxtının az olduğunu nəzərə alaraq, onlara sükan arxasında daha çox vaxt verilməsi vacib sayılır. Yaxın vaxtlarda real təkliflərin təqdim ediləcəyi gözlənilir.

Bu həftə Formula 1 Komissiyasının iclasında 2027-ci ildən sprint həftəsonlarının sayının 12-yə çatdırılması məsələsi də müzakirə olunub, lakin yekun qərar qəbul edilməyib. Domenikali bildirib ki, 2027-ci il üçün sprintlərin sayı ilə bağlı qərar bir neçə ay ərzində veriləcək. Hər tras üçün sprint formatının kommersiya və tamaşa effekti ayrıca qiymətləndiriləcək.

2027-ci il planları çərçivəsində daha bir ümumi komanda təqdimatı da gündəmdədir. Bu, 2025-ci ilin əvvəlində Londonda keçirilən parlaq F1 75 Live şousuna bənzər formatda olacaq. Həmin tədbir qlobal miqyasda böyük diqqət cəlb etmiş və bir növ “mövsümün 25-ci yarışı” kimi qiymətləndirilmişdi.

Təqvimlə bağlı işlər də davam edir. 2027-ci ildən etibarən Circuit de Barcelona-Catalunya və Circuit de Spa-Francorchamps traslarında yarışların növbələşməsi başlayacaq. Bundan əlavə, Türkiyə mərhələsinin çempionata qayıtması da istisna edilmir. Domenikali bu məsələni tam təsdiqləməsə də, prosesin davam etdiyini bildirib.

Bu açıqlamalar həm də şəhər traslarının sayının çoxalmasından narazı olanlara bir növ cavabdır. Çempionata əlavə olunması planlaşdırılan yeni mərhələlər daimi avtodromlarda keçiriləcək. Artıq zəngin tarixə və yadda qalan yarışlara sahib arenalarda yarışları izləmək mümkün olacaq.

Rauf Hacıyev

Şərh əlavə et