Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Yeni reqlamentə vaxt vermək lazımdır

Mercedes komandasının sürücüsü Corc Rassell yeni nəsil maşınları tənqid etməyə tələsmir və bu məsələdə Maks Ferstappendən daha təmkinli mövqe tutur.

Almaniyalı pilot səbirli olmağa və erkən nəticələr çıxarmamağa çağırır.

Corc Rassell: “Mən həmişə yeniliklərə şans tanımağa üstünlük verirəm. Yeni texniki reqlament irəliyə doğru atılmış addımdır və o, çox yaxın zamanda qəbul olunub. Bu qaydalar növbəti üç il qüvvədə qalacaq və yaxın aylarda bütün komandalar çox sürətlə inkişaf edəcək.

Biz – Formula 1 pilotları imtiyazlı mövqedəyik. Bu maşınları sürmək imkanı olan cəmi iyirmi iki insandan biriyəm. Amma hamımız nədənsə şikayət etməyi sevirik”.

Onun bu sözlərinin əsas ünvanının Maks Ferstappen olduğu aydındır. Rassell bu baxımdan Lando Norrislə oxşar mövqe tutur: “Düzünü desəm, mən sadəcə qələbələr uğrunda mübarizə aparmaq istəyirəm. Bildiyimə görə, son illərdə çox şey qazanan bir sürücü ən yaxşı maşına sahib olmaq və sükan arxasında həzz almaq istəyir. Düşünürəm ki, o zaman Nürburqrinqin Şimal Döngəsinə getsə daha yaxşı olar.

Formula 1-i on milyonlarla azarkeş izləyir. Ola bilsin ki, bizim üçün əyləncəli olan maşınlar ən maraqlı yarışları təmin etməsin. Belə böyük dəyişikliklər ilk mərhələdə müəyyən xaos yarada bilər, ancaq eyni zamanda yarışı daha maraqlı da edə bilər.

Hər şeyi dərhal ideal etmək mümkün deyil. Hamımız ən yaxşı maşınları sürmək və trasda maksimum mübarizə görmək istəyirik. Lakin buna necə nail ola bilərik?

Biz avtoidman həvəskarları əvvəlki kimi səsli V10 və V8 atmosfer mühərriklərini istəyirik. Amma Netflix-in çəkdiyi ‘Drive to Survive’ sənədli serialı ilə böyüyən yeni azarkeş nəsli bəlkə də fərqli düşünür. Hamını razı salmaq mümkündürmü, bilmirəm”.

Bununla belə, Rassell də yeni maşınlarda hər şeydən razı deyil: “Mühərriklər texniki baxımdan çox mürəkkəbdir və mühəndislərə pilotlardan daha çox başağrısı yaradır. Döngələrdə turbini effektiv saxlamaq üçün çox aşağı ötürmələrə keçmək lazımdır ki, dövrlər lazımi səviyyədə qalsın. Bu, kifayət qədər əsəbləşdiricidir və burada instinktlərə güvənmək olmur”.

Rauf Hacıyev

Şərh əlavə et