Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Ötmələr çətinləşib

Ferrari komandasının sürücüsü Şarl Lekler etiraf edib ki, yeni nəsil maşınlarla ötmə etmək əvvəlkinə nisbətən çətinləşib.

Monakolu pilotun sözlərinə görə, indi bu cür manevrin uğuru böyük ölçüdə rəqiblərin hibrid güc qurğularındakı enerjidən necə istifadə etməsindən asılıdır və Bəhreyndəki ilk testlərdən sonra o, hələ bu sistemi tam mənimsəyə bilmədiyini deyib.

Şarl Lekler: “Düşünürəm ki, indi istənilən ötmə son dərəcə çətinləşib. Ola bilər ki, zamanla bu situasiyalarda necə davranmalı olduğumuzu öyrənəcəyik. Amma hər ötmə cəhdi müəyyən ‘qiymət’ tələb edir.

Üstəlik, bu qiymət əvvəlkindən qat-qat yüksəkdir. Buna görə hesab edirəm ki, ötmədən sonra rəqiblə arada kifayət qədər fərq yaratmaq ötən illə müqayisədə daha çətin olacaq. Sürmək böyük həzz vermir, ancaq hazırda vəziyyət belədir.

Bununla belə, sükan arxasında işləmək başqa səbəbdən maraqlıdır: bütün bu yeni sistemləri mənimsəmək çağırışını qəbul etməyə hazıram. Bu, mənə xoşdur və mən bu tapşırığı həvəslə həll edirəm. Keçmişdə işləməyən yanaşmaları indi yenidən sınamaq və müxtəlif eksperimentlər aparmaq müəyyən zövq verir.

İndi hər şey dəyişib və məni sevindirən odur ki, şablon düşünmədən maşının potensialını maksimum açmaq üçün yeni yollar tapmağa çalışa bilərik”.

Belə görünür ki, Lekler tələsmədən nəticə çıxarmağa üstünlük verir. O, çətinlikləri qeyd edir, lakin açıq tənqidə keçmir və bu baxımdan mövqeyi Maks Ferstappenin sərt açıqlamalarından fərqlənir. Ferrari düşərgəsində yanaşma daha çox adaptasiya və analiz üzərində qurulub: əvvəl başa düşmək, sonra hücum etmək.

Rauf Hacıyev

Şərh əlavə et