Xəbəri Kokpitdə Oxuyun!

L.Turini: Ferrari məni təəccübləndirir

Nüfuzlu italyan jurnalist, Ferrari ilə qeyri-rəsmi əlaqələri ilə tanınan Leo Turini, Maranellodan olan komandanın Mercedes mühərrikləri ilə bağlı səs-küylü hekayədə üzərinə götürdüyü gözlənilməz rolla əlaqəli maraqlı məlumat paylaşıb.

Leo Turini: “Hətta mən də hamı kimi Bəhreyndəki testlərin gedişini böyük maraqla izlədim, baxmayaraq ki, hazırda Olimpiadadayam və burada həmişə olduğu kimi, əyləncəlidir. Və həmişə olduğu kimi, son dərəcə yorucudur, amma buna dəyər.

Sadəcə onu əlavə etmək istəyirəm ki, əgər Ferrari rəhbərliyində 2026-cı il Olimpiadasında iki qızıl medal qazanmış italyan dağ-xizəkçisi Federika Brinyoneyə xas döyüş ruhu olsaydı, mən daha sakit oturardım.

Bəhreyndə baş verənlərlə yanaşı, Formula 1-in pərdəarxasında Mercedes-in güc qurğusunda tətbiq etdiyi hiyləgər həll ilə bağlı hekayə yetişir və getdikcə daha çox diqqət çəkir.

Düşünürəm ki, hamı bilir, müzakirə artıq siyasi səviyyəyə çıxıb. Bununla belə, Toto Volffun verdiyi açıqlamalar məni təəccübləndirir, çünki o, hər şeyin qaydasında olduğunu deyir və dərhal əlavə edir ki, əgər Mercedes mühərriklərində üstünlük varsa, bu, çox cüzidir. Bu, “Bacım sadəcə bir az hamilədir” deməyə bənzəyir.

Ancaq görünür, Maranelloda FIA-nın bu məsələdə açıq-aşkar qeyri-kompetent olduğunu düşünürlər. Orada federasiyanın hamını razı salacaq hansısa bir həll tapmağa çalışacağını fikirləşirlər, halbuki belə olmur. Buna görə də Ferrari mühərrikçilərinə daxiliyanma mühərriyinin sıxılma dərəcəsini mühərrik hələ isti ikən ölçməyə imkan verən sistem hazırlamaq tapşırılıb.

Bu sistem avtomobil dayanmış vəziyyətdə silindr başlığına quraşdırılmalıdır, lakin bunun üçün əvvəlcə mühərrik örtüyünü, yan pontonları sökmək, sonra şamı çıxarmaq və yalnız bundan sonra həmin ölçmə alətini quraşdırmaq lazımdır. Mən bu işdən heç nə başa düşmürəm, amma deyirlər ki, məsələ məhz belədir.

Bununla belə, Ferrari-də artıq ehtiyat edirlər ki, bütün bunları söküb sistemi quraşdırmağa sərf olunacaq vaxt ərzində mühərrik soyuyacaq, çünki qarajda maşının bütün hava girişlərinə dərhal quru buzla doldurulmuş ventilyatorlar qoşulur və nəticədə sıxılma dərəcəsi yenə də 16:1 səviyyəsində olacaq.

Qısaca desək, Mercedes-in hiyləgərliyini ifşa etmək texniki baxımdan asan olmayacaq – burada siyasi rıçaqlara ehtiyac yaranacaq, amma maraqlıdır ki, Ferrari artıq müəyyən tədbirlər görür”.

Rauf Hacıyev

Şərh əlavə et