Xəbəri Kokpitdə Oxuyun!

D.Hill xatirəsini danışıb

Bu il Deymon Hill və Conni Herbert yeni bir layihəyə başlayıblar. Onlar The Race nəşrinin YouTube kanalında yayımlanan Stay on the Track (“Trasda qal”) adlı videopodkast aparırlar. Verilişin növbəti buraxılışı testlərə həsr olunub; o cümlədən verilişdə keçmiş illər xatırlanıb və hər iki pilotun Formula 1-də çıxış etdiyi dövrdə baş vermiş müxtəlif hekayələr danışılıb.

Əsas fərq ondadır ki, 30 ildən artıq əvvəl testlərə heç bir məhdudiyyət olmayıb və komandalar büdcə imkan verdiyi təqdirdə, maşınlarını demək olar ki, ilboyu sınaqdan keçirə bilirdilər.

1993–1996-cı illərdə Hill Williams komandasında çıxış edirdi, həmin dövrdə bu komanda şöhrətinin zirvəsində olub və maşınlarda Renault mühərrikləri quraşdırılıb. Deymon məhz o illərə aid bir xatirəsini bölüşüb.

Deymon Hill: “Bəzən testlərdə sübh tezdən gün batana qədər, sözün əsl mənasında qaranlıq düşənədək işləyirdik. O vaxt Pol Rikar trası Renault-ya məxsus idi. Fransız motorçuların orada öz qarajları var idi və onlar istədikləri vaxt, hətta hava qaralanda belə mühərrik sınaqları keçirə bilirdilər.

Bir dəfə məndən soruşdular: «Bir neçə dövrə vura bilərsən?»

Dedim ki, artıq qaranlıqdır, maşında isə fara yoxdur! Amma israr etdilər, çünki mühərrikin işi ilə bağlı mütləq hansısa məlumat almaları lazım idi.

Trasda baş verənlər inanılmaz idi. O vaxt ön qanadın alt hissəsində xüsusi titan lövhələr olurdu, asfaltla təmasda qığılcımlar çıxarırdı. Ətraf narıncı rəngdə parıldayırdı və hər yer işıqlanırdı – mənzərə möhtəşəm idi! Elə bil meteoridin içində idim. Düzlükdə gedəndə maşın sanki atəşfəşanlıqla əhatə olunurdu.

Bir dəfə də mühərrik partladı, sözün həqiqi mənasında bomba kimi! Güclü bir işıq parladı və bütün tras bir anlıq işıqlandı. Hətta baryerlərdəki reklam yazılarını da gördüm. Qarajdakı motorçular yəqin ki, dəhşətə gəldilər. Onlar nə baş verdiyini anlamışdılar. Həqiqətən də möhtəşəm bir səhnə idi!

O dövrdə texnika etibarsız idi. Saatlarla qarajda oturub peçenye yeyirdin və nə vaxt trasda çıxacağından xəbərsiz qalırdın. Komanda problem yarandığını deyirdi, uzun gözləmədən sonra bir dövrə vururdunsa, dərhal yenidən dayanmalı olurdun.

Nə baş verdiyini anlamırdın. Mühəndislər saatlarla maşınla məşğul olurdu, sən isə onların arxasından nəsə görməyə çalışırdın. Sonra yenə bir stəkan çay süzüb peçenye yeməyə və yük maşını sürücüləri ilə söhbət etməyə davam edirdin.

1997-ci ildə Arrows komandasında çıxış edəndə maşınlar da xeyli etibarsız idi. Barselonadakı testlərdə vaxt itirirdik və trasda demək olar ki, işləmirdik. Yadımdadır, Yamaha mühərrikləri demək olar ki, hər dəfə bokslardan çıxan kimi sıradan çıxırdı.

Vaxtımı boşuna itirdiyimi anlayanda yaxınlıqdakı Qranolyers şəhərinə getdim, musiqi mağazasına girib gitara aldım. Motorhouma qayıdıb məşq etməyə başladım. Heç olmasa gitara çalmaq bacarığım xeyli yaxşılaşdı. Dövrə vaxtları barədə isə bunu demək olmazdı…”

Bu yerdə Conni Herbert maraqlanıb: “Bəs yaradıcılığın qarajda uğur qazandı?”

Hill isə cavab verib: “Xeyr, mən bunu sadəcə özüm üçün edirdim. Motorhoumda tək məşq edirdim, haqqımda yanlış təsəvvür yaranmasını istəmirdim. Hər halda vaxtımı faydalı keçirmiş oldum!”

Rauf Hacıyev

Şərh əlavə et