Xəbəri Kokpitdə Oxuyun!

İkinci günü Ferstappen zirvədə bağlayıb

İspaniyanın Barselona şəhərində mövsümöncəsi testlərin ikinci günü başa çatıb. Əksər komandalar yağış səbəbindən günləri boşa getməsin deyə trasda işləməməyi üstün tutublar. Lakin bazar ertəsi testləri buraxmış Ferrari və Red Bull Racing bu gün yeni bolidlərlə tam proqram üzrə işə başlayıblar.

Səhər sessiyasında SF-26 və RB22 bolidlərinin sükan arxasına ilk olaraq Şarl Lekler və Maks Ferstappen əyləşiblər. Sessiya quru trasda start götürüb, lakin qısa müddət sonra yağış başlayıb və gün ərzində müxtəlif intensivliklə asfaltı isladıb.

İlk qırmızı bayraqlara səbəb olan Maks Ferstappen pitdən çıxış dövrəsində beşinci döngədə çınqıllığa düşərək ilişib qalıb. Daha sonra trasda işini davam etdirən Ferstappen günün ən sürətli dövrəsini vurmağa nail olub, lakin bu insident müəyyən vaxt itkisinə səbəb olub. Şarl Lekler isə problem yaşamadan planlaşdırılan proqramı tam yerinə yetirib.

Günün ikinci yarısında komandalar pilot dəyişiklikləri ediblər. Sükan arxasına Lyuis Həmilton və Ayzek Hacar keçib. Ayzekin insidenti də qırmızı bayraqların çıxması ilə nəticələnib, lakin nəticələr daha ciddi olub.

Red Bull Racing-in gənc pilotu son döngədə trasdan çıxaraq, bolidi bariyerlərə çırpıb. Görünən zədələr arasında arxa qanad və arxa asılqan hissələrinin sıradan çıxması olub və komanda bu səbəbdən işi vaxtından əvvəl dayandırmalı olub.

Testlər çərşənbə günü davam edəcək. Son Dünya Çempionu McLaren komandası trasda işə başlamağı planlaşdırdığını təsdiqləyib.

Test sessiyasının nəticələri

Mövqe Pilot Komanda Zaman Dövrə sayı
1 Maks Ferstappen Red Bull 1:19.578 27
2 Şarl Lekler Ferrari 1:20.844 66
3 Ayzek Hacar Red Bull 1:31.891 43
4 Lyuis Həmilton Ferrari 1:32.872 57

 

Rauf Hacıyev

Şərh əlavə et