Kokpit.az bildirir ki, Sauber komandası 2026-cı ildən etibarən Audi adlanacaq. Onlar artıq ilk sürücülərini transfer ediblər. Bu, veteran Niko Hülkenberqdir. Bəs Hülkenberqin komanda yoldaşı kim olacaq?
Bu sual əksər Formula 1 fanatları üçün maraqlıdır. Karlos Sayns artıq Williams komandasına keçməyə çox yaxındır. Buna görə də Sauber-Audi fərqli alternativlər axtarmağa başlayıb. Audi rəhbərliyi daha sonra Esteban Okon ilə danışıqlar aparsa da, fransalı sürücü Haas komandasına keçməyə hazırlaşır. Daha əvvəl Andreas Zaydl Yuki Tsunodanı komandaya gətirmək istəsə də, yaponiyalı sürücü RB komandasınada qalmağa qərar verib.
Belə olan halda Audi-nin və Andreas Zaydlın işi çətinləşib, çünki Niko Hülkenberqə komanda yoldaşı olmaq üçün namizədlərin sayı çox azalıb.
İndi isə Zaydlın gündəmində gizli namizədlər var. Bunlardan biri Liam Lousondur. Red Bull-un gənc sürücüsü hazlrda RB komandasında yarışmaq üçün əlindən gələni edir və Red Bull rəhbərliyindən xəbər gözləyir.
RB-nin ikinci oturacağı üçün iki namizəd var – biri Helmut Markonun dəstəklədiyi Liam Louson, digəri isə Kristan Hornerin dəstəklədiyi Daniel Rikkardodur. Red Bull sentyabr ayına qədər Lousona qərarını bildirməlidir və yeni zellandiyalı sürücü yarışa bilməsə, Red Bull-la olan müqaviləsini ləğv edə biləcək.
Əgər Louson RB komandasına transfer olunsa, Audi məcburən hazırkı sürücüləri Quanyu Çjou və Valtteri Bottas ikilisindən biri ilə davam edəcək.
Qeyd edək ki, Liam Louson keçən il Daniel Rikkardonun zədələnməsinə görə 5 yarışda start almış və 2 xal toplaya bilmişdi.
Şərh əlavə et