Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen qış testlərinə sürətli başlayıb

Maks Ferstappen Bəhreyndə keçirilən qış testlərinin ilk günündə birinci yeri tutub.

Kokpit.az xatırladır ki, qış tətili sona çatıb və sürücülər Bəhreyndə yenidən sükan arxasına qayıdıblar. Testlərin ilk günündə komandaların işləməsi üçün 8 saat vaxtları olub. İlk gündə qırmızı bayraqlar çıxmayıb və yalnız Williams komandasının sürücüləri problemlər yaşayıblar. Səhər Aleks Elbon yanacaq pompasına görə dayanıb. Nahardan sonra isə Loqan Sarcent problemlər yaşayıb. Amerikalı sürücü əvvəlcə 10-cu döngədə yerində fırlanıb. Düzdür, gənc sürücü heç bir yerə çırpılmayın, amma sükanda problem yaşanıb və buna görə də günü vaxtından tez bağlamalı olub.

Dediyimiz kimi Williams komandasından başqa heç kəs problem yaşamayıb və bu da maşınların etibarlı olduğunu göstərir. Sessiya ərzində qırmızı bayraq çıxmadığı üçün bütün komandalar proqramlarını problemsiz formada yerinə yetiriblər.

Sürücülərin bəziləri səhər, bəziləri nahardan sonra sükan arxasına keçiblər. Səhərki sessiyanın birincisi Maks Ferstappen olub. Niderlandlı sürücü nahardan sonra da hegemonluğunu davam etdirib və günü zirvədə bitirib.

Nahardan sonra günəş batmağa başladığı üçün sessiyanın sonlarına doğru sürücülər süni işıqlar altında sürməyə başlayıblar. Temperaturun düşməsi və trasda kauçuk qatın artması ilə sürücülər daha yaxşı dövrəvi nəticələr göstərməyə başlayıblar.

Sessiyanın sonunda Soft təkər və boş çənlə sürən olmayıb. Yəni ki, hamı öz gücünü gizlədib. Maks Ferstappen 1.31.344 zaman nəticəsi ilə birinci olub. Son 3 ilin çempionu gün ərzində 142 dövrə tamamlayıb və sessiya vaxtı maşında çox rahat görünüb. Tamamilə yenilənmiş RB20 trasda çox balanslı görünüb.

İkinci yeri isə McLaren komandasından Lando Norris tutub. O, lider Maksdan 1.1 saniyə geridə qalıb. Beləliklə McLaren komandası problemsiz ilk günü geridə qoyub və etibarsızlıq problemi yaşamayaraq dəyərli məlumatlar toplayıb.

Norris kimi nahardan sonra sükan arxasına keçmiş Karlos Sayns isə günü üçüncü yerdə bağlayıb. Daniel Rikkardo göy rəngli Visa Cashapp maşını ilə 4-cü yeri tutub. Beşliyi isə Alpine komandasından Pyer Qasli tamamlayıb.

Aston Martin komandasından Ləns Stroll 6-cı yerdə qərarlaşıb. Səhər sessiyasında trasa çıxmış Şarl Lekler, Fernando Alonso və Oskar Piastri ardıcıl düzülərək, 7-9-cu yerləri tutublar. Onluğu tamamlayan sürücü isə Steak komandasından Quanyu Çjou olub.

Günü hamıdan tez bağlayan Loqan Sarcent 11-ci yerlə kifayətlənib. Bütün gün ərzində sükan arxasında olan Corc Rassell 12-ci yeri tutub. O, Mercedes W15 ilə 115 dövrə tamamlayıb. Kevin Maqnussen və Niko Hülkenberq isə cədvəlin zirzəmisini bəzəyiblər.

Red Bull komandasından Serxio Peres, Mercedes komandasından Lyuis Həmilton bu gün sükan arxasına keçməyiblər. Onlar sabah bütün gün iş başında olacaqlar.

Testlərin ikinci günü sabah Bakı Vaxtı ilə 11:00-da başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et