Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Mühərriki təkmilləşdirmək çətin prosesdir

Ferrari komandasının rəhbəri Frederik Vassyör düzlüklərdəki sürət çatışmazlığını aradan qaldırmaq üçün qarşılaşdıqları çətinliyin miqyasını açıqlayıb.

Fransalı rəhbər Ferrari-nin mühərrik vəziyyətinin olduqca mürəkkəb olduğunu və təkmilləşdirilmiş mühərrik üzərində işləməyin aerodinamik yeniliklərlə müqayisədə daha uzun proses tələb etdiyini vurğulayıb.

Frederik Vassyör: “Mühərriki inkişaf etdirmək prosesi inanılmaz dərəcədə uzundur.

Şassidə bir gündən digərinə çox sürətli şəkildə yeniliklər edə və performans səviyyənizi bərpa edə bilərsiniz.

Lakin mühərrikdə proses daha uzundur. Çünki detalların hazırlanma müddəti uzun çəkir və büdcə limiti də işi asanlaşdırmır. Mövsüm ərzində istifadə edəcəyiniz mühərrikləri əvvəlcədən istehsal etməlisiniz. Əgər inkişaf çalışmalarına başlamaq istəyirsinizsə, yeni mühərrik qrupu hazırlamalısınız”.

FIA bu mövsüm performans baxımından geridə qalan komandaların fərqi azaltmasına əlavə imkan yaratmaq üçün ADUO sistemini tətbiq edib.

Lakin Vassyör bu proqramın Ferrari-nin əsas rəqibləri ilə arasındakı fərqi tamamilə aradan qaldırmaq üçün kifayət etmədiyini deyib: “ADUO 1 və ya ADUO 2 vasitəsilə fərqi tamamilə bağlamağı gözləmirik. Kiçik addımlar atırıq. Mühərrikdə kiçik bir irəliləyiş əldə etdiyiniz zaman arxadakı fərqin saniyənin yüzdə biri səviyyəsində olduğunu unutmamalısınız.

Sıralanmadakı mövqelər baxımından yanaşsaq, hətta bir neçə at gücü əlavə etmək belə start cərgəsində əhəmiyyətli irəliləyişə səbəb ola bilər. Gələn il yeni mühərrikimiz olacaq. Əsas məqsədimiz fərqi mümkün qədər qısa müddətdə aradan qaldırmaqdır”.

Rauf Hacıyev

Şərh əlavə et