Yarış həvəskarları üçün xüsusi olaraq hazırlanan və “F1 Live Milano” adlandırılan tədbir 18-20 fevral tarixlərində keçiriləcək.
Musiqi çıxışları və müxtəlif əyləncə proqramlarının yer alacağı tədbir 18 fevral axşamı “F1 The Show” ilə başlayacaq. Açılış gecəsində bütün komandaların sürücüləri və rəhbərləri səhnəyə çıxaraq azarkeşlərlə görüşəcəklər.
Bu tədbir 2025-ci il mövsümündən əvvəl Londondakı O2 Arenada keçirilən və 10 komandanın ilk dəfə eyni səhnədə bir araya gəldiyi “F1 75 Live” təqdimatının qazandığı böyük uğurdan ilhamlanır.
Formula 1-in rəhbəri Stefano Domenikali idmanın sərhədlərini genişləndirməyə davam etdiklərini bildirib və tədbirin məqsədini belə izah edib: “Hər zaman böyük düşünməyi və sərhədləri aşmağı hədəfləyirik.
F1 Live Milano mərkəzində azarkeşlərimizin dayandığı möhtəşəm bir təcrübə olacaq. Məqsədimiz idman azarkeşlərinin Formula 1-ə sadəcə kənardan baxmalarını deyil, özlərini bu dünyanın tam mərkəzində hiss etmələrini təmin etməkdir.
Formula 1-i azarkeşlərimizə heç vaxt olmadığı qədər yaxınlaşdırmaq hədəfi doğrultusunda onlara qəhrəmanlarını yaxından görmək, idmanın enerjisini, innovasiyasını və həyəcanını şəxsən yaşamaq imkanı təqdim edirik.
Yarışmaq hər zaman ruhumuzun təməli olacaq. Lakin bu həyəcanı daha böyük miqyasda yaşadacaq unudulmaz təcrübələr yaratmaq istəyirik.
Londondakı uğurun üzərində qurduğumuz bu tədbirlə Milan şəhəri üç gün ərzində unudulmaz Formula 1 festivalına çevriləcək.
İtalyanların dünyanın hər yerindən Milana gələcək azarkeşləri möhtəşəm qonaqpərvərliklə qarşılayacağına heç bir şübhəm yoxdur”.
Biletlərin bu ilin sonlarına doğru satışa çıxarılması planlaşdırılır. F1 Live Milano ilə bağlı digər bütün detalların isə qarşıdakı aylarda açıqlanması gözlənilir.




Şərh əlavə et