Xəbəri Kokpitdə Oxuyun!

Antonelli vətəninə fərqli düşüncə ilə gəlir

Mercedes komandasının sürücüsü Kimi Antonelli 59 xallıq çempionat liderliyi və daha inamlı yanaşma ilə doğma İtaliya Qran Prisinə hazırlaşır.

2025-ci ildə Monzada ilk ev yarışında kifayət qədər çətin həftəsonu keçirən italyan sürücü Williams pilotu Aleks Elbonla təmasdan sonra 5 saniyəlik cəza almış, daha sonra isə tras limitlərini pozduğu üçün qara-ağ bayraqla xəbərdar edilmişdi. Gənc pilot yarışı doqquzuncu pillədə başa vuraraq 2 xal qazanmışdı.

Aradan bir il keçdikdən sonra ötən həftə 20 yaşı tamam olan Mercedes pilotu bu dəfə Monzaya Formula 1 Çempionatının lideri kimi gəlir. Antonelli bu mövsüm indiyədək 6 Qran Pri qələbəsi qazanıb.

Doğma yarışından əvvəl F1.com-a müsahibə verən italiyalı pilot həftəsonuna “fərqli yanaşma” ilə başlayacağını bildirib.

Kimi Antonelli: “Çox həyəcanlıyam. Düşünürəm ki, möhtəşəm atmosfer olacaq və ötən illə müqayisədə hər şey çox fərqli olacaq. Trasda tamamilə fərqli yanaşma və düşüncə ilə olacağam. Həftəsonundan daha çox zövq ala biləcəyimi hiss edirəm. Yenidən yarışmaq üçün səbirsizlənirəm”.

Mercedes komandasının rəhbəri Toto Volff Niderland Qran Prisi həftəsonunda Antonellinin doğma yarışında planlaşdırılan güc qurğusu dəyişimi səbəbindən startda cəza alacağını təsdiqləyib.

Cəzanın dəqiq həcmi hələ məlum deyil. Bu, Breklidə yerləşən komandanın Antonellinin bolidində neçə yeni güc qurğusu komponenti dəyişəcəyindən asılı olacaq. Lakin cəzanın ən azı 10 yerlik olacağı gözlənilir.

Toto Volff: “Kimi üçün bütün paketi dəyişəcəyik. Hesablamalarımız bunun üçün ən uyğun trasın məhz Monza olduğunu göstərir.

Açığı, alqoritmlər pilotun hansı milliyyətdən olduğunu nəzərə almır. Burada məqsədimiz maksimum PR əldə etmək deyil, çempionluq uğrunda mübarizə aparmaqdır. Ona görə də bəli, edəcəyimiz budur”.

Rauf Hacıyev

Şərh əlavə et