Xəbəri Kokpitdə Oxuyun!

Zandfortdan sonra: Bu nə yarış idi belə?!

Zandfort bizə sadəcə bir yarış vermədi. Bizə Formula 1-in kiçik bir xülasəsini verdi.

Nə yarış idi belə? Nə möhtəşəm yarış idi?!

Bəzən Formula 1-də elə yarışlar olur ki, finişdən sonra nəticə cədvəlinə baxıb nə baş verdiyini anlamaq üçün bir neçə dəqiqə lazımdır. Bu yarış da onlardan biri idi. Burada hər şey var idi: startda böyük qəza, liderliyin bir neçə dəfə əldən-ələ keçməsi, komanda yoldaşlarının bir-birinə qarşı mübarizəsi, komanda əmrləri, komanda əmrinə qulaq asmayan sürücü, əmrə qulaq asan digər sürücü, strategiya səhvləri, podium uğrunda sona qədər davam edən mübarizə və hətta üç fərqli onilliyin sürücülərinin qələbə uğrunda mübarizəsi.

Həmilton, Norris və Antonelli.

Biri 2000-ci illərin, biri 2010-cu illərin, digəri isə artıq 2020-ci illərin ən parlaq simalarından olan üç fərqli nəslin sürücüsü eyni yarışda qələbə uğrunda mübarizə aparırdı. Üstəlik, Həmilton həm köhnə, həm də yeni komanda yoldaşı ilə podium uğrunda mübarizə apardı.

Bir sözlə, Zandfort bizə Formula 1-in niyə bu qədər möhtəşəm olduğunu bir daha göstərdi.

Norris artıq özünü çempion kimi aparır

Bir neçə ay əvvəl Lando Norris haqqında bir fikir yazmışdım: özünü hələ dünya çempionu kimi hiss etdirmir.

Bu fikir o vaxt təsadüfi deyildi. Sürət var idi, maşın var idi, potensial var idi, amma dünya çempionunda olması lazım olan o xüsusi əminlik bəzən görünmürdü. Norris çox vaxt çempionluğa namizəd kimi yox, çempionluğu qazanmalı olan sürücü kimi yox, sadəcə çox sürətli McLaren sürücüsü kimi görünürdü.

Amma son 3-4 yarışda vəziyyət tamamilə dəyişib. Norris artıq başqa cür sürür.

Daha sakitdir. Daha əmindir. Hadisələrin içində özünü itirmir. Ən əsası isə, yarışın gedişatını idarə etməyi bacarır. Bu isə dünya çempionlarının ən vacib xüsusiyyətlərindən biridir.

Bu yarışda da startı uduzdu. Lakin yarışın davamında təkərləri elə qorudu ki, itirdiyi mövqeləri geri qaytardı. Burada sadəcə sürət yox idi. Burada yarış oxumaq bacarığı var idi.

Norrisin son yarışlardakı görüntüsü mənə 2024-cü ili xatırladır. O vaxt da müəyyən mərhələdə ardıcıl iki yarışda qələbə qazanaraq ciddi seriya tutmuşdu. İndi isə yenidən həmin Norrisə bənzəyir. Fərq ondadır ki, bu dəfə onun üzərində çempionluq təzyiqi daha çoxdur.

Piastri məsələsi də maraqlıdır.

McLaren-in komanda daxilində avstraliyalıya qarşı bəzən bir qədər ögey davrandığını düşünmək olar. Lakin bütün bunlara baxmayaraq, Piastri son yarışlarda Norrisin tempinə cavab verməkdə çətinlik çəkir.

Bu da Norris üçün çox vacib məqamdır.

Çünki komanda yoldaşını məğlub etmək bir şeydir, onu ardıcıl şəkildə tempdə üstələmək isə tamamilə başqa şey. İndi Norris bunu edir.

Monza McLaren üçün başqa hekayə ola bilər

İndi isə qarşıda Monza var. Kağız üzərində bu tras McLaren üçün ideal görünmür. Uzun düzlüklər və yavaş döngələr onların paketinin ən güclü tərəfləri deyil, ancaq Mercedes sürücülərinin aldığı cəzalar da İtaliyada vəziyyəti dəyişə bilər.

Belə ki, Mercedes səhnədən kənarda qalsa, mən yenə də McLaren-i favoritlər sırasında görərəm.

Çünki Monzanın ən böyük paradoksu budur: McLaren üçün tam uyğun olmayan trasda belə onların qarşısında daha böyük problem var — Ferrari.

Ferrari-nin öz evində sürətli olması gözlənilir, amma bu il Maranello komandasının Monzada ideal paketə sahib olduğunu düşünmək çətindir. Buna görə də McLaren-in zəif tərəflərinə baxmazdan əvvəl rəqiblərin vəziyyətinə baxmaq lazımdır.

Bəlkə də Norrisin bu möhtəşəm seriyası Monzada bir az çətinliklə üzləşəcək. Ancaq son yarışlardakı Norris artıq əvvəlki Norris deyil.

Antonelli və Rassell: komanda əmri, amma niyə?

Kimi Antonelli haqqında mövsümün əvvəlindən bir fikir səsləndirirdim: rəqiblər güclənəndə onun sehrinin yox olub-olmayacağını görmək lazımdır.

Bu gün bunun cavabını aldıq.

Antonelli çox sürətlidir. Bu, artıq müzakirə mövzusu deyil. Amma Formula 1-də sürətli olmaq kifayət etmir. Çempionluq uğrunda mübarizə aparmaq üçün sürücünün ən çətin anda nə etdiyi daha vacibdir.

Bu gün isə onun xeyrinə verilən komanda əmri mənim üçün yarışın ən mübahisəli məqamlarından biri idi. Çünki Mercedes faktiki olaraq Antonelliyə üstünlük verdi.

Rassell isə komanda əmrini yerinə yetirib onu buraxdı. Məncə, düz etmədi.

Bəli, komanda əmri komandaların Formula 1-də istifadə etdiyi alətdir. Bəli, komanda bir qərar verirsə, sürücünün onu yerinə yetirməsi gözlənilir. Amma bütün bunların üzərində bir sual var: Nə üçün?

Yekunda Corc Rassell də hazırda Dünya Çempionluğu uğrunda mübarizə aparır. Yarış zamanı iki sürücü arasında 56 xal fərq var idi. Rassell yarışı öndə bitirsə, fərq 53-ə düşəcəkdi. Növbətə daha 11 mərhələnin olduğunu düşünsək, 3 xal da  3 xal idi. Ancaq indiki halda fərq yenidən 59-a yüksəldi.

Daha da maraqlısı odur ki, Rassell bunu qəbul etdi. Məncə, bu, onun üçün böyük səhv idi.

Antonelli üçün isə bu yarış başqa dərsdir. Rəqiblər güclənəndə sürücünün həqiqi səviyyəsi ortaya çıxır.

Ferrari yenə öz ayağına güllə sıxdı

Ferrari-lərin yarış tempi pis deyildi. Əksinə, xüsusən də Leklerin tempi kifayət qədər yaxşı görünürdü.

Problem başqa yerdə idi – Strategiyada.

Lekleri əvvəl tez pitə aldılar. Daha sonra Həmilton yaxınlaşanda yenidən strategiyanı dəyişdilər və ikinci dəfə də pitə tez çağırdııar. Üstəlik iki pit də ləng oldu. Bir sözlə, Ferrari yarış boyu öz qərarlarını özü çətinləşdirdi.

Ən böyük sual isə budur: Ferrari həqiqətən Həmiltonun hazırda Leklerdən daha güclü olduğuna inanır?

Yaxud Həmiltonun çempionluq şansını Leklerinkindən daha real hesab edir?

Çünki əgər cavab bəlidirsə, o zaman bugünkü strategiyanın məntiqini müəyyən qədər başa düşmək olar.

Amma cavab xeyrdirsə, onda Ferrari sadəcə bir podiumu əldən verdi. Ferrari üçün ən ağrılı tərəf də budur. Çünki maşın podium uğrunda mübarizə aparacaq qədər yaxşı idi. Sadəcə komanda həmin potensialı nəticəyə çevirə bilmədi.

Lekler üçün isə bu daha bir itirilmiş fürsətdir. Ferrari-nin problemi bəzən maşının sürətli olub-olmaması deyil. Problem onların sürətli maşınla nə etməsidir.

Ferstappen üçün isə bu, qəbuledilməz səhv idi

Maks Ferstappenin ilk dövrədə yarışdan çıxması isə başqa mövzudur.

Öz ölkəndə, öz azarkeşlərinin qarşısında, artıq dünya çempionu kimi saysız-hesabsız yarış görmüş bir sürücünün belə səhvlə yarışdan kənarda qalması yaxşı görüntü deyil.

Bu, debütant səhvinə bənzəyirdi. Ferstappen kimi sürücüdən belə səhv gözləmirsən.

Lakin bir yarışla onun sürətini də silmək olmaz. Xüsusilə də qarşıda Monza var.

RBPT mühərriklərinin düzlüklərdə güclü olması Red Bull üçün ciddi üstünlük yarada bilər. Mercedes-in cəzaları və Ferrari-nin Monzadakı potensial problemləri nəzərə alınanda Ferstappen hələ də İtaliyada qələbə üçün ən real namizədlərdən biridir.

Yəni Zandvoortda sıfır xal almaq onun Monzadakı şanslarını avtomatik olaraq yox etmir. Əksinə, bəzən belə yarışlardan sonra Ferstappen daha təhlükəli olur. Çünki o, itirdiyi xalları növbəti yarışda geri almağa çalışır.

Louson: “Mən hələ buradayam”

Günün başqa bir qalibi isə Liam Louson idi. Yeni zelandiyalı sürücü yaxşı həftəsonu keçirdi.

Üstəlik, onun vəziyyətini də unutmaq olmaz.

Aşağı seriyalardan Tsolovun Red Bull sistemində yaratdığı təzyiq fonunda Louson artıq öz yerinin əvvəlki qədər təhlükəsiz olmadığını bilir. Formula 1-də 3,5 mövsüm keçirmiş sürücüdən artıq sadəcə potensial yox, nəticə gözlənilir.

Bu həftəsonunda isə Louson özünü göstərdi.

Ferstappen kimi yüksək tempdə gedən sürücü ilə eyni ritmdə olmaq özü ciddi göstəricidir. Üstəlik, yarışda aldığı cəzaya baxmayaraq xal qazanması onun üçün çox vacib idi.

Əslində Louson bu həftəsonu Red Bull-a bir mesaj verdi: “Mən hələ buradayam.”

Bəlkə Red Bull üçün kifayət qədər böyük mesaj deyil. Ancaq digər komandalar üçün çox ciddi mesajdır.

Çünki Formula 1-də bir sürücünün karyerasını xilas etməsinin ən yaxşı yolu nəticə göstərməkdir. Louson da məhz bunu etməyə çalışır.

Aston Martin və Alonso: Tunelin sonunda işıq görünür

Günün başqa bir qalibi isə Aston Martin və əlbəttə ki, Fernando Alonso idi.

Aston Martin-in Zandfortdakı performansını qiymətləndirərkən bir şeyi ayırmaq lazımdır: sıralanma tempi və yarış tempi.

Sıralanmada komanda hələ də arzulanan səviyyədə deyil. Ancaq yarışda maşının tamamilə başqa üzü görünür.

Buna görə Aston Martin-ə yönələn bəzi tənqidləri mən də bir qədər yersiz hesab edirəm.

Əvvəllər sessiya başlayan kimi 21-22-ci yerlərdə qalan bir maşından söhbət gedirdi. İndi isə ən azı Q2 uğrunda mübarizə aparan, yarışda isə xal zonasına yaxınlaşa bilən paketdən danışırıq.

Bəli, bu həftəsonu son anda Q2-yə keçə bilmədilər.

Bəli, bu, Aston Martin-in birdən-birə poul uğrunda mübarizə aparacağı anlamına gəlmir. Lakin artıq maşının hər yarışda müəyyən istiqamətdə inkişaf etməsi özü böyük xəbərdir.

Çünki Formula 1-də bəzən nəticədən daha vacib bir şey var: inkişaf istiqaməti.

Aston Martin-də hazırda bu istiqamət var. Maşının bəzi problemlərini düzəltmək mümkündür. Amma əsas məsələ kökü dəyişməkdir. Komanda isə hələlik daha çox mövcud paketdən maksimumu çıxarmağa çalışır.

Alonso üçün isə bu proses xüsusilə maraqlıdır. Çünki o, zəif maşından nəticə çıxarmaq məsələsində Formula 1-də ən təcrübəli sürücülərdən biridir.

 

Rauf Hacıyev

Şərh əlavə et