Xəbəri Kokpitdə Oxuyun!

Lousonun gələcəyi tezliklə məlum olacaq

Red Bull ailəsindəki gələcəyi hələ də qeyri-müəyyən olaraq qalan Liam Louson 2027-ci il mövsümü ilə bağlı danışıqların yaxın zamanda başlayacağını açıqlayıb.

 

Ötən il əsas komandaya yüksəlsə də, cəmi iki yarış həftəsonundan sonra yerini itirərək yenidən Racing Bulls-a qayıdan Louson bu il komandada ilk tam mövsümünü keçirir. Lousonun yerinə Red Bull-a yüksələn Yuki Tsunoda isə mövsümün sonunda komandadan ayrılıb və hazırda kollektivin ehtiyat pilotu kimi fəaliyyət göstərir.

Hazırda Louson və komanda yoldaşı, debütant Arvid Lindblad təkcə növbəti mövsüm üçün Formula 1-də yerlərini qorumaq uğrunda deyil, həm də Maks Ferstappenin komandanı tərk etməsi və ya karyerasını başa vurması halında boşalacaq yer uğrunda mübarizə aparırlar.

Ferstappenin müqaviləsində Macarıstan Qran Prisindən sonra qüvvəyə minə biləcək xüsusi çıxış maddəsi yer alırdı. Yarışı ikinci yerdə başa vuran niderlandlı pilotun həmin maddədə qeyd olunduğu iddia edilən ikinci yer həddindən 60 xal geridə qalması bu bəndi aktiv vəziyyətə gətirib. Buna görə də həm Red Bull, həm də Racing Bulls-un gələcək pilot heyəti böyük ölçüdə Ferstappenin verəcəyi qərardan asılıdır.

Yay fasiləsinə gələcəyi ilə bağlı heç bir dəqiqlik olmadan yollandığını deyən Liam Louson bildirib ki, həlledici danışıqlar məhz bu fasilə ərzində aparılacaq.

Hazırda çempionatda 43 xalla çıxış edən Louson, 23 xal toplayan komanda yoldaşı Arvid Lindbladdan irəlidə qərarlaşıb.

Racing Bulls-un komanda rəhbəri Alan Permeyn yeni zelandiyalı pilotun çıxışından razı qaldığını bildirərək, Lousonun ondan tələb olunan hər şeyi yüksək səviyyədə yerinə yetirdiyini və bu mövsüm çox uğurlu performans sərgilədiyini vurğulayıb.

Buna baxmayaraq, Red Bull akademiyasının Formula 2 pilotu Nikola Tsolovun gələn mövsüm Lousonu əvəz edə biləcəyi ilə bağlı iddialar gündəmdə qalmaqda davam edir. Racing Bulls-un baş icraçı direktoru Piter Bayer isə bu xəbərlərin sadəcə şayiədən ibarət olduğunu bildirib.

Rauf Hacıyev

Şərh əlavə et