Xəbəri Kokpitdə Oxuyun!

F.Briatore: Trampla birlikdə layihəmiz var idi

Alpine komandasının rəhbəri Flavio Briatore bildirib ki, bir vaxtlar ABŞ Prezidenti Donald Trampla birlikdə Formula 1-i Nyu-Cersiyə gətirməyə çalışıblar. Lakin həmin dövrdə Formula 1 ABŞ-da kifayət qədər populyar olmadığı üçün layihə reallaşmayıb.

Briatore xatırladıb ki, 2007-ci ildə Lyuis Həmiltonun qələbə qazandığı İndianapolis Qran Prisindən sonra Formula 1 ABŞ-dan ayrılmış və səkkiz illik İndianapolis dövrü başa çatmışdı.

Bundan sonra Briatore Formula 1-i yenidən ABŞ-a qaytarmaq məqsədilə həmin dövrdə iş adamı olan, hazırda isə ABŞ-nin Prezidenti vəzifəsini icra edən Donald Trampla birlikdə təşəbbüs irəli sürüb. Onlar layihəni o vaxt Formula 1-in rəhbəri olan Berni Eklstouna təqdim ediblər.

İlk plan yarışın Nyu-Yorkda keçirilməsi olsa da, Tramp Briatoreyə Nyu-Cersinin daha uyğun seçim olduğunu deyib. Bundan sonra Eklstoun Nyu-Cersi rəsmiləri ilə danışıqları şəxsən aparmağa başlayıb.

Layihəyə əsasən, 5,1 kilometrlik Port Imperial  trası 2013-cü ildən Formula 1 təqviminə daxil ediləcək küçə yarışı olacaqdı. Lakin bu layihə heç vaxt gerçəkləşməyib.

The Race Business-in In Conversation With… proqramında Darren Koksa müsahibə Briatore həmin dövrü belə xatırlayıb: “Donaldın da o vaxt Formula 1 haqqında çox məlumatı yox idi, amma o, möhtəşəm təşkilatçı idi. Həmin illərdə boks yarışları təşkil edirdi və Las-Veqasdakı bir çox tədbirin təşkilatçılarından biri idi. Donaldın ofisində idik və Berni ilə videobağlantı vasitəsilə danışırdıq. Nyu-Yorkda yarış keçirmək üçün ən uyğun məkanın harası ola biləcəyini müzakirə edirdik. Donald bizə dedi ki, müxtəlif səbəblərə görə Nyu-York çox çətin variantdır və ən doğru seçim Nyu-Cersidir. Bundan sonra Berni Nyu-Cersidə iki və ya üç fərqli qrupla danışıqlara başladı”.

Briatorenin fikrincə, layihənin baş tutmamasının əsas səbəbi Formula 1-in həmin dövrdə ABŞ-da kifayət qədər dəyər görməməsi idi: “Uğur qazana bilmədik, çünki həmin dövrdə Formula 1 xüsusi bir idman növü kimi qəbul olunmurdu. Hamı NASCAR və IndyCar-dan danışırdı. Tamamilə fərqli mühit idi və Formula 1-ə demək olar ki, heç bir maraq göstərilmirdi”.

Hazırda isə Formula 1 ABŞ-da üç yarış keçirir.

2012-ci ildə Ostindəki Circuit of the Americas təqvimə daxil edildikdən sonra, 2022-ci ildə Mayami, 2023-cü ildə isə Las-Veqas Qran Prisi Formula 1 təqviminə əlavə olunub.

Briatore hesab edir ki, 2017-ci ildə Formula 1-in kommersiya hüquqlarını satın alan Liberty Media bu idman növünün ABŞ-dakı imicini tamamilə dəyişib: “İndi Amerikaya gedəndə Mayamidə tribunlarda 500 min tamaşaçı görürsünüz. Ostin tam doludur, Las-Veqas da elə. Formula 1 inanılmaz dərəcədə dəyişib. Yağış yağsın və ya yağmasın, bütün yarışlar anşlaqla keçir.

Ən böyük dəyişiklik kommersiya tərəfində oldu. Liberty çox daha açıq idarəetmə modeli qurdu. Berni biznes sahəsində çox güclü idi, lakin eyni zamanda kifayət qədər sərt idi. Liberty kommersiya tərəfini tamamilə yenidən formalaşdırdı, marketinq fəaliyyətini başqa səviyyəyə qaldırdı. Bundan əlavə, Liberty komandalarla çox yaxşı əməkdaşlıq şəraitində işləyir”.

Rauf Hacıyev

Şərh əlavə et